Accessibility links

Keçmiş deputatın məhkəməsi başlayıb


Hüseyn Abdullayev (arxiv foto)
Hüseyn Abdullayev (arxiv foto)

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə hazıqlıq iclası olub.

Bu barədə Amerikanın Səsinə vəkil Günay İsmayılova bildirib.

Onun sözlərinə görə, bugünkü məhkəmə prosesində Hüseyn Abdullayevin özü iştirak etsə də, səhhəti yaxşı olmayıb.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmədə Hüseyn Abdullayevin səhhətində ciddi problemlər olduğunu əsas gətirərək öz hesabına müayinə olunması, müalicə müəssisəsinə köçürülməsi, həmçinin ev dustaqlığına buraxılması barədə vəsatətlər verib.

Məhkəmə Hüsey Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib. Onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəsatət isə təmin olunub. Hüseyn Abdullayevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcəyi bildirilib.

Məhkəmənin baxış iclası avqustun 22-nə təyin olunub.

Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb.

Bu il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkilin sözlərinə görə, Abdullayev əvvəlki ittihamlar kimi yeni ittihamı da qəbul etmir.

Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci illərdəki fəaliyyətini araşdırıb.

Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və onun yerli mediada müxalifətin etirazlarına qarşı sərt mövqe tutduğu barədə məlumatlar yayılıb.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Hüseyn Abdullayev “Susma” adlı marşının sosial şəbəkələrdə geniş müzakirələr doğurmasından sonra ona və ailəsinə qarşı təzyiqlərin olduğunu iddia edib.

Ona qarşı vergi ittihamı ilə cinayət işi açılması da tənqidi mahnılarının yayılmasından sonraya təsadüf edir.

Nəhayət keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustun 24-28-də Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə 48/2020 saylı qərar çıxarıb.

Qərarda qeyd olunur ki, Abdullayevin Türkiyədən (oğurlanması) gətirilməsi, Azərbaycanda cinayət təqibinə məruz qalması qanunsuzdur.

Bununla yanaşı, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG