İranın rəsmi dövlət agentliyi İRNA Urmiyənin həbsə məhkum olmuş keçmiş bələdiyyə başqanı Məhəmməd Həzrətpurun kəşfiyyat qüvvələri tərəfindən gizləndiyi yerdə həbs edildiyinə dair məlumat yayıb.
İRNA Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatiyə istinadən bildirib ki, Həzrətpur həbs qərarı çıxarıldıqdan sonra qaçaraq ölkənin şimal şəhərlərindən birində gizlənmişdi.
Məhəmməd Həzrətpur 2021-ci ilin yanvar ayında vəzifədə ikən Urmiyə bələdiyyəsində rüşvət və korrupsiya halları ilə əlaqədar həbslər sırasında nəzarət altına alınmışdı. O, daha sonra təqsirli bilinərək 20 il həbs, eləcə də şallaq və cərimə cəzalarına məhkum olunmuşdu. Ancaq, İranın ali məhkəməsi keçən aylarda Həzrətpurun şikayətini təmin edərək, onun məhkəmə işinə yenidən baxılmasına dair qərar çıxarmışdı.
Ədliyyə rəisi Ətəbati işinə yenidən baxılan keçmiş bələdiyyə başqanının yenidən həbs, cərimə və işdən azad olunma cəzasına məhkum olunduğunu bildirib.
“Qərar açıqlandıqdan sonra gizlənib və İranın şimalına qaçan keçmiş bələdiyyə başqanı kəşfiyyat qüvvələrinin əməkdaşlığı ilə tutularaq həbs cəzasını çəkmək üçün həbsxanaya göndərilib,” Ətəbati söyləyib.
Forum