Accessibility links

Transparency International UK: Britaniya müsadirə edilmiş vəsaiti Azərbaycan xalqının xeyrinə istifadə etməlidir


Zamirə Hacıyeva, Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı
Zamirə Hacıyeva, Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı

“Transparency International UK” təşkilatı həbsdə olan azərbaycanlı bankir Cahangir Hacıyevin ailəsinə məxsus mülklərin Britaniya hüquq-mühafizə orqanları tərəfindən müsadirəsini alqışlayıb və əldə edilən vəsaitin Azərbaycan xalqının xeyrinə xərclənməli olduğunu deyib.

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) bazar ertəsi yaydığı məlumatda Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus Londonun zəngin Naytsbric rayonunda yerləşən malikanənin və London yaxınlığındakı qolf klubunun müsadirə edildiyini bildirib.

Agentlik aktivlərin bilavasitə irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edildiyini qeyd edib və əlavə edib ki, təhqiqatçılar Azərbaycan Beynəlxalq Bankından vəsaitlərin çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə çoxsaylı hesablar vasitəsilə köçürülməsinə dair çoxsaylı nümunələr əldə edib.

“Böyük Britaniyanın şübhəli sərvət üçün təhlükəsiz sığınacaq roluna son qoymaq məhkəmə sistemi vasitəsilə hesabatlılığın sorğulanması və qanunsuz qazancların ələ keçirilməsi deməkdir. Böyük Britaniya indi korrupsiyadan əldə edilən bu vəsaitləri Azərbaycan xalqının xeyrinə istifadə etməlidir”, Tranparency International UK təşkilatının nümayəndəsi Maria Fernanda Kruz-Çavez deyib.

Britaniya mətbuatının yazdığına görə, müsadirə edilən əmlakın bazar qiyməti təqribən 26.5 milyon funt sterlinq dəyərində ölçülür. Hər iki mülkün satışından gələn gəlirin 70 faizi - təqribən 18.5 milyon funt sterlinqi dövlət büdcəsinə keçiriləcək, geri qalan məbləğ isə Zamirə Hacıyevaya qaytarılacaq.

Zamirə Hacıyeva 2018-ci ildə Londondakı Harrods ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinqdən çox pul xərcləməklə gündəmə gəlib. Bundan sonra o, Milli Cinayət Agentliyi tərəfindən araşdırılmağa başlanıb və əmlakları dondurulub.


Hacıyeva Britaniyada çirkli pulların yuyulması və vergidən yayınma ilə mübarizə üçün yaradılmış “İzahedilməmiş Sərvət Sərəncamı” rejiminin ilk hədəfinə çevrilib.

Hacıyevanın həyat yoldaşı, 20 il ərzində Azərbaycan Beynəlxalq Bankına sədrlik edən Cahangir Hacıyev 2015-ci ildə 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinərək 16 illik həbsə məhkum edilib.

“Transparency International UK” təşkilatının Tədqiqatlar və Təhqiqatlar şöbəsinin rəhbəri Stiv Qudriç müsadirə qərarının “İzahedilməmiş Sərvət Sərəncamı” rejiminin Britaniyaya daxil olan çirkli pullara qarşı mübarizədə oynaya biləcəyi mühüm rolu göstərdiyini deyib.

“Hüquq-mühafizə orqanlarının borcudur ki, korrupsionerlərin və onların yardımçılarının cəzasız qalmasına son qoymaq üçün əllərində olan bütün müvafiq vasitələrdən istifadə etsinlər”, Qudriç əlavə edib.

Zamirə Hacıyevanın əmlaklarının müsadirəsi Azərbaycan vətəndaşlarının Böyük Britaniyada başına gələn ilk analoji hal deyil.

Bundan əvvəl Britaniyada Azərbaycan prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızı İzzət Cavadovaya, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevə məxsus hesablardakı 10 milyon dollardan artıq pul qeyri-qanuni yollarla əldə edildiyi üçün məhkəmə qərarı ilə müsadirə edilib.

Hazırda Britaniya məhkəmələrində Feyziyev ailəsinə məxsus 63 milyon dollar dəyərində ölçülən daşınmaz əmlakın müsadirə edilməsi üçün çəkişmələr davam edir.

Forum

XS
SM
MD
LG