Accessibility links

Qəzzaya endirilən hava hücumlarında 18 nəfər, İsraildə bıçaqlanma nəticəsində 2 nəfər ölüb


İnsanlar Qəzzanın mərkəzində, Deyr əl-Balahda İsrailin köçkün fələstinlilərin müvəqqəti sığınacaq kimi istifadə etdikləri çadırlara bir gecədə endirdiyi zərbənin səbəb olduğu dağıntılar arasında dayanır, 4 avqust 2024.
İnsanlar Qəzzanın mərkəzində, Deyr əl-Balahda İsrailin köçkün fələstinlilərin müvəqqəti sığınacaq kimi istifadə etdikləri çadırlara bir gecədə endirdiyi zərbənin səbəb olduğu dağıntılar arasında dayanır, 4 avqust 2024.

İsrailin bazar günü səhər saatlarında Qəzzaya endirdiyi zərbələr nəticəsində xəstəxana kompleksi daxilində məcburi köçkün fələstinlilər üçün çadır düşərgəsində sığınan 4 nəfər də daxil olmaqla 18 nəfər həyatını itirib, Tel-Əviv ətrafında bir fələstinlinin bıçaqla hücumu nəticəsində isə iki nəfər ölüb.

Qəzzada təxminən 10 ay davam edən müharibə və keçən həftə Livan və İranda ayrı-ayrı zərbələr nəticəsində iki yüksək səviyyəli militantın öldürülməsindən sonra bölgədə gərginliklər artıb. Bu qətllər İran və müttəfiqləri tərəfindən qisas təhdidlərinə səbəb olub və daha dağıdıcı regional müharibə təhlükəsini artırıb.

İsrailin Magen David Adom xilasetmə xidmətinin və yaxınlıqdakı xəstəxananın məlumatına görə, bıçaqla edilmiş hücum zamanı 70 yaşlı qadın və 80 yaşlı kişi həlak olub, daha iki kişi yaralanıb. Polis hücumun “zərərsizləşdirilən” fələstinli militant tərəfindən həyata keçirildiyini bildirib.

Xilasedicilər yaralıların hər birinin təxminən 500 metr məsafədə üç fərqli yerdə tapıldığını bildirib. Polis əvvəlcə digər şübhəliləri axtardıqlarını bildirsə də, sonradan hücum edənlərin birdən çox olması ehtimalını istisna edib.

İsrail keçən həftə Livanda yüksək səviyyəli Hizbullah komandirinin və İranın paytaxtında HƏMAS-ın siyasi liderinin öldürülməsindən sonra cavab tədbirlərinin veriləcəyinə hazırlaşır. Onların hər ikisi HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra başlayan Qəzzada davam edən müharibə ilə əlaqəli idi.

Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Qəzzada İsrailin bazar günü səhər saatlarında Əl-Əqsa Şəhidləri Xəstəxanasının həyətində didərgin düşmüş fələstinlilərin məskunlaşdığı çadır düşərgəsini vurması nəticəsində biri qadın olmaqla 4 nəfər ölüb, digərləri yaralanıb.

İsrail hərbi qüvvələri hücum zamanı bir fələstinli militantın hədəf alındığını və zərbə nəticəsində ikinci dərəcəli partlayışların baş verdiyini bildirərək, bunun “bölgədə silahların olduğunu göstərdiyini” qeyd edib.

Deyr əl-Bələh xəstəxanası Qəzzanın mərkəzində fəaliyyət göstərən əsas tibb müəssisəsidir və minlərlə insan müharibədən zərər çəkmiş ərazidəki evlərini tərk edərək oraya sığınıb. Xəstəxanadan verilən məlumata görə, Deyr əl-Bələh yaxınlığındakı evə edilən ayrıca hücumda bir qız və onun valideynləri həlak olub.

Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qəzzanın şimalında bir evə növbəti zərbə endirilib, nəticədə üç uşaq, onların valideynləri və nənələri də daxil olmaqla ən azı 8 nəfər həlak olub. HƏMAS-ın idarə etdiyi hökumətin nəzdində fəaliyyət göstərən Mülki Müdafiə qrupunun bildirdiyinə görə, Qəzza şəhərində avtomobilə endirilən zərbə nəticəsində daha üç nəfər həlak olub.

İsrail dinc əhaliyə zərər verməməyə çalışdığını bildirir, lakin hərbi qüvvələr tez-tez qadın və uşaqların ölümünə səbəb olan fərdi zərbələri nadir hallarda şərh edir. Qəzzanın səhiyyə nazirliyinin açıqladığı rəqəmlərdə mülki və hərbi itkilər arasında fərq qoyulmur.

HƏMAS-ın rəhbərlik etdiyi militantların keçən ilin oktyabrında İsrailin cənubuna qəfil hücumu zamanı əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın insanı öldürülüb və 250-yə yaxın insan girov götürülüb.

İsrailin Qəzza zolağına genişmiqyaslı hücumu nəticəsində azı 39 550 fələstinli həlak olub. Ərazinin səhiyyə nazirliyi bunlardan neçə nəfərin militant olduğunu açıqlamayıb.

Kütləvi hava hücumları və quruda əməliyyatlar geniş dağıntılara səbəb olub və Qəzza zolağında yaşayan 2,3 milyon insanın əksəriyyəti tez-tez dəfələrlə köçkün vəziyyətinə salıb.

Forum

XS
SM
MD
LG