Accessibility links

Zibeydə Sadıqova: Bütün cəmiyyət qadın qətllərinin qarşısının alınması üçün mübarizə aparmalıdır


Zibeydə Sadıqova: Bütün cəmiyyət qadın qətllərinin qarşısının alınması üçün mübarizə aparmalıdır
please wait

No media source currently available

0:00 0:07:16 0:00

İnsan hüquqları üzrə ixtisaslaşmış vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə müsahibəsində Azərbaycanda qadınlara qarşı fiziki zorakılığın səbəblərindən danışıb.

Amerikanın Səsi: Mediada hər gün Azərbaycanda zorakılıq nəticəsində həyatını itirən qadınlar haqqında məlumatlar yayılır. Sizcə ölkədə kriminal məzmunda qadınların qətlinin səbəbləri nədir?

Zibeydə Sadıqova: Doğrudan da biz hər gün görürük ki, ya qadın qətli var, ya qadınların bıçaqlanması var və yaxud intihar hadisələrini görürük. Bunun səbəbləri isə müxtəlifdir - iqtisadi, sosial, ailə-məişət. Sadəcə bizdə xüsusi qurumlar, hökümət təşkilatları, ictimai birliklər yoxdur ki, faktları araşdırsın. Ortaya bir statistika qoysun. Səbəblər araşdırılsın. Belə bir şey yoxdur. Sadəcə bütün qətllərin altında yazılıb ki, ailə-məişət zəminində olub, qısqanclıq motivi ilə olub. Ümumi olaraq bu sözlər gedir.

Amerikanın Səsi: Hüquq-mühafizə orqanları qadın qətllərinin səbəbləri kimi adətən ailə-məişət zəminində zorakılıqları göstərir. Sizcə qadın qətllərinə yalnız ailə-məişət münasibətlərimi səbəb olur? Burada başqa səbəblər, o cümlədən sosial-iqtisadi səbəblər varmı?

Zibeydə Sadıqova: Bilirsiniz necədir. Burada ailə-məişət problemlərinin yaranmasının bəlkə də altında sosial-iqtisadi əsaslar dayana bilər. Əksəriyyət hadisələrin fonunu görürük ki, məsələn, müraciət edən ali təhsilli qadınlardır, işi var, maddi cəhətdən özünü yaxşı təmin edə bilir. Amma yenə də ailədə şiddətə məruz qalırlar. Düşünmürəm ki, ailə-məşiət problemlərinin altında ancaq iqtisadi-sosial məsələlər dursun. Ancaq, əlbəttə bu problem də durur. Münasibətlərin özləri də ona gətirib çıxarır ki, son nəticədə qadınlar məhv edilir. Çox vaxt bizim hüquq-mühafizə orqanları “mentalitet” söhbətini ortaya salırlar ki, mentalitetdir, adət-ənənədir. Amma buna necəsə son qoymaq lazımdır. Əlbəttə ki, onlar da təsir edir. Sözsüz ki, bu məsələni araşdırarkən sıfırdan başlamq lazımdır. Məktəbdən, baxçadan aşılamaq lazmdır ki, qadın və kişi bərabərdir. Biri üstün, biri zəif deyil. Düşünürəm ki, elə məktəbdən, baxçadan, ailədən bu “adət-ənənə” dediyimiz məsələlər aradan qalxmalıdır.

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyi, icra mexanizmləri və reallıqda qadınlara qarşı zorakılıqların qarşısını almaq üçün aparılan işlər bir-birini tamamlayırmı? Burada ziddiyyətlər nədir?

Zibeydə Sadıqova: Müəyyən işlər gedir. Tam işlər getmir deyə bilmərik. Çox zəif gedir. Qurumlar toplaşırlar, müzakirələr edirlər, tədbirlər keçirirlər. Bir də gördünüz ki, bir beynəlxalq tədbir oldu və bütün qurumlar iştirak edir. Belə tədbirlər görürük. Amma bunun bir nəticəsi olmaldır. Bu tədbirlərin keçirilməsi yaxşıdır. Çünki problemin müzakirə olunması yaxşıdır. Mən deyirəm ki, bu məsələlər müzakirə olunur və olunmalıdır. Birincisi bu müzakirələr çox asta-asta gedir. İkincisi də nəticəsi bizdən illəri alır. Hər il müəyyən plan cızılır ki, məsələn bu üç ildə filan məsələlər həll olunacaq. Amma görürük ki, il bitir və ortada hələ də bir yenilik yoxdur. Elə hamı danışa-danışa dayanıb. İş gedir. Amma bu iş çox zəif gedir. Planlı şəkildə getmir. Nəticəsini də hələ görmürük.

Amerikanın Səsi: Ölkədə qadın qətllərinin qarşısının alınması üçün daha hansı işlər görülməlidir? Bu sahədə məlumatların toplanması və tədqiqatlar, qurbanların müdafiəsi, eləcə də qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılması üçün hazırkı siyasəti və tədbirləri necə qiymətləndirirsiniz?

Zibeydə Sadıqova: Qadın qətllərinin qarşısını almaq üçün hər hansı bir siyasət və yaxud nəsə olursa, biz bunu görmürük. Amma bunun qarşısının almağının yolu olmaldır. Mən düşünürəm ki, yaxşı olardı ki, “n” qədər QHT var, hansı ki, qadın hüquqları ilə məşğul olurlar. Amma onlar haradadır, nə iş görürlər bilmirik. Bir iki təşkilat üzdədir. Onları görürük. Çox yaxşı olar ki, onlar cəmiyyətdə olan bir şeyə öz səslərini çıxartsınlar. Əgər bu gün bir qadın qətlə yetirilirsə, mən höküməti demirəm, heç bir təşkilat buna münasibət bildirmirsə və yaxud hansısa bölgədə qadın, uşaq zorlanıbsa, qadın intihar edibsə və bu araşdırılmırsa, QHT, vətəndaş cəmiyyəti bir reaksiya vermirsə, bu artıq problemdir. Düşünürəm ki, əgər həmin tşəkilatlar qadın hüquqları ilə məşğul olursa o zaman səslərini çıxartsınlar. Toplaşsınlar, bir plan hazırlasınlar. Hər şeyə reaksiya versinlər. Biz bu məsələ ilə bağlı bir yerdən dəyişiklik gözləyə bilmərik. Mən həmişə deyirəm ki, biz buna toplu şəkildə girişməliyik. Hamımız, qonşular, ailə, məktəb, vəkillər, hüquq-müdafiə təşkilatları, adi qadınlar hamımız toplaşıb mübarizə aparmalıyıq.

Forum

XS
SM
MD
LG