Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib. O xüsusilə külli miqdarda mənimsəmədə və hakimiyyətdən sui-istifadə də ittiham olunur.
Bakı Hərbi Məhkəməsi hakim Fikrət Əliyevin sədrliyi ilə Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurduqda), 32.5-ci (Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs,), 341.2.3-cü (Hakimiyyətdən sui‐istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
"Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", o qeyd edib.
Bununla yanaşı, Rəhim Laçınovun yaxınları və vəkili onun həbsinin səbəbləri ilə bağlı hələ açıqlama verməyib.
Xatırladaq ki, bundan öncə də Müdafiə Nazirliyinin strukuruna daxil olan maliyyə işləri ilə məşğul olan yüksək vəzifəli şəxslər eyni ittihamlarla həbs edilib.
Forum