İran Azərbaycanının müxtəlif bölgələrində kənd sakinləri mədən istismarı sahələrinin genişləndirilməsi və dövlətin yeni mədənlərə həddən artıq lisenziya verməsinə etiraz edirlər.
Son vaxtlar xüsusilə Ərdəbil vilayətinin Muğan bölgəsi, eləcə də Xalxal və Nir şəhərlərində kəndlilərin mədənlərin zərərli fəaliyyətlərinə qarşı etirazları barədə xəbər və görüntülər yayılıb.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bazar ertəsi günü yayımladığı video-görüntüdə Ərdəbil vilayətinin Nir şəhərinin Yurtçu bölgəsində əhalinin yeni mədənlərə lisenziya verilməsinə etiraz etdiyi görünür.
Kənd sakinləri mədənin istismarı nəticəsində bölgənin otlaq sahələrinə, kənd təsərrüfatına və turizm sektoruna ciddi ziyan dəyəcəyindən şikayətlənirlər.
Videoda görünən bir yaşlı kişi deyir ki, “ey Ərdəbilin valisi, ey Nir şəhər məhkəməsi! Bəs siz deyirdiniz biz fağırdan yoxsuldan himayə edərik. İndi fağırın yoxsulun başına daş salırsız? Bəs biz haraya gedək? Dərdimizi kimə deyək?”
Boşlu kəndindən başqa bir etirazçı isə Sənaye və Mədənlər İdarəsi və Təbii Sərvətlər və Su Hövzələri Təşkilatının kəndlilərə zorbalıq tətbiq etdiklərini deyir.
Keçən aylarda İran Azərbaycanında zavodlar və mədənlərin ətraf mühit, su və otlaq sahələrinə vurduğu ziyana etiraz edən bəzi kənd sakinləri İranın məhkəmə və təhlükəsizlik orqanlarının təqib və təzyiqinə məruz qalıblar.
Forum