Rusiya prezidenti Vladimir Putin bazar günü ABŞ-a xəbərdarlıq edib ki, əgər Vaşinqton Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Rusiya oxşar raketləri Qərbi zərbə endirməyə imkan verəcək məsafədə yerləşdirəcək.
Birləşmiş Ştatlar iyulun 10-da Almaniyada 2026-cı ildən başlayaraq SM-6, Tomahawk qanadlı raketlər və hazırlanmaqda olan hipersəs silahlarının daxil olacağı uzunmüddətli yerləşdirməyə hazırlıq məqsədilə uzun mənzilli raketlərin yerləşdirilməsinə başlayacağını bildirib. İki ölkənin birgə bəyanatında silahların yerləşdirilməsinin NATO-nun gücləndirilməsi və Avropanın müdafiəsinin təmin edilməsi öhdəliyinin nümayiş etdirilməsi məqsədilə ediləcəyi vurğulanıb.
Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Rusiya, Çin, Əlcəzair və Hindistanın dənizçiləri qarşısında çıxış edən Putin ABŞ-a xəbərdarlıq edib ki, bu addım Soyuq Müharibə tipli raket böhranına səbəb ola bilər.
“Gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən on dəqiqə olacaq”, Putin bildirib. “ABŞ və onun Avropada və dünyanın digər bölgələrindəki tərəfdaşlarının hərəkətlərini nəzərə alaraq, buna əks olan yerləşdirmə tədbirləri görəcəyik”, o əlavə edib.
“Bu vəziyyət Amerikanın orta mənzilli “Perşinq” raketlərinin Avropada yerləşdirilməsi ilə bağlı Soyuq Müharibə hadisələrini xatırladır”, Putin bildirib.
2022-ci ildə ordusunu Ukraynaya göndərən Putin müharibəni 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Moskvanın təsir dairəsinə müdaxilə edərək, onun sözlərinə görə, Rusiyanı aşağılayan Qərblə tarixi mübarizənin bir hissəsi adlandırır.
Ukrayna və Qərb Putinin imperiyasayağı torpaqların ələ keçirilməsi apardığını bildirir. Onlar Krım və Ukraynanın şərqindəki dörd rayonun bir hissəsi də daxil olmaqla, hazırda Ukrayna ərazisinin təxminən 18 faizinə nəzarət edən Rusiyanı məğlub edəcəklərinə söz veriblər.
Rusiya isə vaxtilə Rusiya imperiyasının tərkibində olan bu torpaqların indi yenidən Rusiyanın bir hissəsi olduğunu və heç vaxt geri qaytarılmayacağını bildirir.
500 kilometrdən çox məsafəni qət edən yerüstü raketlər 1987-ci ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan və Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov tərəfindən imzalanmış Orta və Kiçik Mənzilli Raketlərə dair Müqaviləyə əsasən 2019-cu ilə qədər qadağan edilmişdi.
Bu müqavilə iki fövqəldövlətin nüvə arsenallarının azaldılması və bütün kateqoriyalı silahların ləğv edilməsi barədə razılığa gəldiyi ilk hal idi.
2019-cu ildə ABŞ Moskvanın müqaviləni pozduğunu bildirərək, müqavilədən çıxıb. Vaşinqton eyni zamanda, Rusiyanın NATO-da SSC-8 adı ilə tanınan 9M729 yerüstü qanadlı raket hazırladığına işarə edib.
1983-cü ildə Sovet İttifaqının lideri Yuri Andropov da daxil olmaqla Sovet rəhbərliyi ABŞ-ın bir sıra addımlarını, o cümlədən Perşinq II-lərin yerləşdirilməsi və NATO-nun əsas təlimlərini Qərbin Sovet İttifaqına qarşı qabaqlayıcı zərbə endirmək planına işarə kimi şərh edirdi.
Putin ABŞ-ın Avropa və Asiyada oxşar raketlər yerləşdirməsindən sonra Rusiyanın orta və daha qısa mənzilli nüvə qabiliyyətli raket istehsalını bərpa edə biləcəyi və sonra onları hara yerləşdirəcəyini nəzərdən keçirə biləcəyi barədə əvvəlki xəbərdarlığını təkrarlayıb.
Rusiya və Amerika diplomatları ölkələr arasında diplomatik münasibətlərin 1962-ci ildə Kuba raket böhranı zamanı olduğundan daha pis olduğunu və Moskva və Vaşinqtonun gərginliyi azaltmağa çağırmasına baxmayaraq, hər iki ölkənin gərginliyi artırmaq istiqamətində addımlar atdığını deyirlər.
Forum