Accessibility links

Qəzzanın səhiyyə rəsmiləri: İsrailin məktəbə endirdiyi zərbə nəticəsində azı 30 nəfər ölüb


Fələstin səhiyyə rəsmiləri, İsrail ordusunun Qəzzanın mərkəzindəki Deyr Əl-Bələhdə bir məktəbə endirdiyi zərbədə ən azı 30 fələstinlinin öldüyünü bildirib. İsrail ordusu isə HƏMAS-ın komandanlıq mərkəzini vurduğu haqda məlumat verib.

Qəzza Səhiyyə Nazirliyi və HƏMAS-ın idarə etdiyi hökumət media ofisi məcburi köçkün ailələrinin ən çox məskunlaşdığı bölgələrdən biri olan Deyr Əl-Bələhdə məktəbə hücumda ölənlərin sayını açıqlayıb və 100-dən çox insanın yaralandığını bildirib.

İsrail hərbçiləri verdiyi açıqlamada "Qəzzanın mərkəzindəki Xədicə məktəb kompleksi daxilində HƏMAS komandanlıq və idarəetmə mərkəzini" hədəf aldığını bildirib.

Açıqlamada məktəbin əsgərlərə qarşı hücumların təşkili və silah anbarı kimi istifadə olunub. Əlavə edilir ki, hərbçilər hücumdan əvvəl mülki şəxslərə xəbərdarlıq ediblər.

Deyr Əl-Bələhdəki Əl-Əqsa xəstəxanasında təcili yardım maşınları yaralı fələstinliləri tibb müəssisəsinə çatdırıb. Yaralıların bəziləri də paltarları qana bulaşmış halda piyada gəliblər.

Mülki infrastruktura zərər vuran öncəki bənzər zərbələrdə İsrail ordusu militant islamçı HƏMAS qruplaşmasını mülki əhalinin sıx məskunlaşdığı məhəllələrdə, məktəblərdə və xəstəxanalarda fəaliyyət göstərməkdə təqsirləndirib. HƏMAS bunu inkar edir.

Qəzzadakı müharibə 39,100 nəfərin həyatına son qoyub. Ərazisinin səhiyyə rəsmilərinin verdiyi rəqəm döyüşçülərlə mülki şəxslər arasında fərq qoymur.

Müharibə HƏMAS silahlılarının oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlayıb. Militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfər qətlə yetilirib, 250-yə yaxın insan girov götürüb. İsrail rəsmilərinə görə, girovlardan təxminən 115 nəfər hələ də Qəzzadadır, onlardan üçdə birinin öldüyü güman edilir.

Forum

XS
SM
MD
LG