ABŞ prezidenti Co Bayden çərşənbə günü Amerika vətəndaşlarına müraciət edərək, 2024-cü il seçkilərində iştirak etməməklə bağlı qərarını izah etdi. Oval Ofisdən çıxış edən Bayden seçkiyə gedən ölkənin üzləşdiyi çətinlikləri də təsvir etdi.
ABŞ prezidenti Co Bayden prezident seçkiləri yarışından çəkilməsi qərarını bazar günü ekrandan deyil, İnternet vasitəsilə elan etmişdi.
Üç gün sonra Oval Ofisdən yayımlanan televiziya müraciətində o, bəzən ümidli, bəzən qərarlı və bəzən isə məyus şəkildə qərarını izah etdi. Bayden 50 ildən çox ictimai xidmətini, prezident kimi daxili və siyasi nəailiyyətlərini qeyd etsə də, yeni dövrün çətinlikləri ilə mübarizə üçün enerji dolu yeni liderliyə ehtiyac olduğunu dedi.
Co Bayden, ABŞ prezidenti: “Bizim demokratiyanı qorumağımız yolunda heç nə dayana bilməz. Bura şəxsi ambisiya da daxildir. Bu səbəbdən mən irəli getməyin ən yaxşı yolunun məşəli yeni nəslə ötürmək olduğu qərarına gəldim. Bu, ölkəmizi birləşdirməyin ən yaxşı yoludur. Bilirsiniz, bəzən ictimai həyatdakı çoxillik tərcübənin vaxtı və yeri var. Bəzi vaxtlarda isə yeni səslərə ehtiyac var. Bəli, daha gənc səslər. Həmin vaxt və yer indidir.”
Bayden həmçinin vitse-prezident Kamala Harrisə təşəkkür etdi. Harris prezidentliyə namizəd olmaq üçün kifayət edəcək qədər dəstək qəzandıqdan sonra seçki təşviqatına başlayıb. ABŞ prezidenti onu “təcrübəli”, “möhkəm” və “bacarıqlı” adlandırdı və əlavə etdi ki, seçim artıq insanlarındır.
O, seçki yarışındakı Respublikaçını qeyd etmədi, amma təhlilçilər deyir ki, Baydenin xəbərdarlığı bir adamı nəzərdə tuturdu.
Cennifer Mersieka, Texas A&M Universiteti: “O, qütbləşmə haqda danışdı. O, zorakılıq və siyasi zorakılıq haqda danışdı. Bütün bunlar sabiq prezident Donald Trampı və onun prezidentliyini yada salır. O, 2021-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayanda ölkənin üzləşdiyi hədələr haqda danışdı. Bu, əlbəttə ki, Donald Tramp haqda idi. Amma bəli, Donald Tramp haqda danışmaq yeri deyildi. Təşviqat nitqi söyləmək yeri deyildi.”
Prezident dedi ki, indi onun işi vətəndaş haqları, seçici azadlığı, silah təhlükəsizliyi islahatları, xərçənglə mübarizə səyləri və Ali Məhkəmə islahatları kimi daxili məsələlərə fokuslanmaqdır.
O həm də ABŞ-ın xaricdə üzləşdiyi çətinlikləri – Qəzzada və Ukraynada müharibələr, Çinin daha da cəsarətlənməsi haqda da danışdı.
Təhlilçilər deyir ki, xariclə bağlı qeydlər narahatlıqları olan seçicilərin diqqətini cəlb edəcək.
Tomas Şvartz, Vanderbilt Universiteti: “Fikrimcə bu, insanlarda olan narahatlıqdır. Müddəti bitməkdə olan prezident xarici siyasət böhranı ilə necə davranacaq?”
ABŞ prezidentinin müraciətdən bir gün sonra Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü var. İsrail lideri həm də Harris və Trampla ayrılıqda görüşəcək.
Amma prezidentliyinin son aktında Bayden Amerikanın ən böyük səhnəsinin əsas qəhrəmanı olaraq qalır.
Cim Kesler, Third Way: “O, əfsanəvi siyahıya düşəcək, karyerasını bitirməkdə olan bir atlet kimidir. O, 50 illik möhtəşəm karyerasından sonra kütlədən alqış alır. ”
Bayden tam şəkildə anlayır ki, bu çıxış onun səyahətinin dramatik kuliminasiyasıdır. Bu səbəbdən o, fürsətdən istifadə edib köhnə Amerika mesajını verdi.
Co Bayden, ABŞ prezidenti: “Amerikanı qüdrətli edən odur ki, buranı krallar və diktatorlar yox, xalq idarə edir. Tarix sizin əlinizdədir. Güc sizin əlinizdədir. Amerika ideyası sizin əlinizdədir.”
Forum