Prezident Co Bayden çərşənbə gecəsi xalqa müraciət etməyi planlaşdırır.
Müraciətdə onun 2024-cü il prezident seçkilərindən çəkilmə qərarını izah edəcəyi və öz prezidentliyi dönəmində əldə olunmuş nailiyyətləri haqda danışacağı gözlənilir.
Bazar günü seçkidə iştirak etməyəcəyini aydın edən Bayden noyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olaraq Kamala Harrisə dəstək ifadə edib.
Bu müraciət onun yarışdan çəkildiyini elan etməsindən və COVID-19 diaqnozu almasından sonra ilk ictimai görüntüsü olacaq.
Güman edilir ki, Bayden müraciətdə öz qərarına necə gəldiyini detallayacaq.
İlkin açıqlamasında Bayden bu qərarı partiyasının və ölkəsinin “ən yaxşı maraqları” ilə əsaslandırmışdı.
Donald Tramp "Truth Social" sosial media platformasında Prezident Co Baydenin yarışdan çəkilmək barədə açıqlamasına reaksiya verib.
Baydenin prezidentliyə “heç zaman” yaramadığını vurğulayan Respublikaçı namizəd onun bu vəzifəyə “yalanlar, Saxta Xəbərlər və Zirzəmisini tərk etməmək” yolu ilə qalxdığını yazıb.
“Onun ətrafında hamı, o cümlədən onun Həkimi və Media bilirdilər ki, o, prezidentliyə yaramır və yaramırdı,” deyə Tramp Baydeni milyonlara qeyri-qanuni mühaciri ölkəyə buraxmaqda ittiham edib.
Vitse-prezident Kamala Harris partiya rəsmiləri Demokratların gələn ay keçiriləcək qurultayından əvvəl formal namizədlik prosesini yekunlaşdırmağa hazırlaşdığı vaxt qeyri-rəsmi olaraq Demokratlar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər dəstək əldə edib.
Associated Press agentliyinin bazar ertəsi verdiyi məlumata görə, Harris 2200-dən çox nümayəndənin dəstəyini qazanıb və namizədliyi təmin etmək üçün qurultayda lazım olan 1976 səs çoxluğunu asanlıqla ötüb.
Forum