Vitse-prezident Kamala Harris partiya rəsmiləri Demokratların gələn ay keçiriləcək qurultayından əvvəl formal namizədlik prosesini yekunlaşdırmağa hazırlaşdığ vaxt qeyri-rəsmi olaraq Demokratlar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər dəstək əldə edib.
Associated Press agentliyinin bazar ertəsi verdiyi məlumata görə, Harris 2200-dən çox nümayəndənin dəstəyini qazanıb və namizədliyi təmin etmək üçün qurultayda lazım olan 1976 səs çoxluğunu asanlıqla ötüb.
Demokratlar partiyasının nümayəndələrdən dəstək alan vitse-prezident Kamala Harris potensial prezidentliyə namizəd kimi çərşənbə axşamı ilk kampaniya tədbirini keçirir. Seçki kampaniyası tədbiri prezidentlik yarışı kontekstində ən mühüm ştatlardan biri olan Viskonsin ştatında keçirilir.
Namizədliyi prezident Co Bayden tərəfindən dəstəklənən Harris geniş dəstəyə görə partiya üzvlərinə minnətdarlığını bildirib. O, partiyanı və ölkəni birləşdirmək və noyabr seçkilərində Donald Trampı məğlub etmək niyyətində olduğunu vurğulayıb.
“Bu seçkidə biz gələcəyə iki fərqli baxış arasında seçim etməliyik. Donald Tramp ölkəmizi bir çoxlarımızın tam azadlığa və bərabər hüquqlara malik olmadığı dövrə qaytarmaq istəyir. Mən demokratiyamızı gücləndirən, reproduktiv azadlığı qoruyan və hər bir insanın nəinki dolanışıqlarını təmin etmək, həm də rifah əldə etmək imkanını təmin edən gələcəyə inanıram”, Harris açıqlamasında bildirib.
“Növbəti bir neçə ay ərzində mən ölkəni gəzəcəm və amerikalılarla gündəmdə olan bütün məsələlər haqqında danışacağam. Mən partiyamızı birləşdirmək, ölkəmizi birləşdirmək və noyabrda Donald Trampı məğlub etməkdə tam qərarlıyam”, o deyib.
Baydenin Harrisi dəstəkləməsindən keçən 36 saatdan az bir müddət sonra o, gələn ay keçiriləcək partiya qurultayında nümayəndələrin əksəriyyətinin dəstəyini əldə edib.
“Partiyamızın namizədi olmaq üçün lazım olan geniş dəstəyi aldığım üçün fəxr edirəm”, Harris bildirib. “Mən tezliklə namizədliyi rəsmən olaraq qəbul etməyi səbirsizliklə gözləyirəm”, o deyib.
Prosesi yekunlaşdırmaq üçün rəsmilərin çərşənbə günü görüşəcəyi bir vaxt Demokratik Milli Komitəsinin sədri Ceymi Harrison bazar ertəsi jurnalistlərə bildirib ki, partiya öz namizədini avqustun 7-dək seçəcək.
“Bu proses ədalətli, şəffaf, açıq, lakin sürətli olacaq”, Harrison deyib.
Eyni zamanda, Harrisin vitse-prezidentliyə seçə biləcəyi potensial namizədlərin adları qeyd edilir. Məlumatlı mənbələrin bildirdiyinə görə, onların arasında Kentakki qubernatoru Endi Beşir, nəqliyyat naziri Pit Buttiçiç, Şimali Karolina qubernatoru Roy Kuper, Arizona senatoru Mark Kelli, Pensilvaniya qubernatoru Coş Şapiro, İllinoys ştatının qubernatoru Pritzker və Miçiqan qubernatoru Qretçen Uitmerin adları var.
Forum