Rusiya rəsmiləri çərşənbə axşamı Ukraynaya məxsus pilotsuz təyyarənin Krasnodar bölgəsində bərə limanına hücum həyata keçirdiyi barədə məlumat veriblər. Hadisə nəticəsində azı bir nəfərin öldüyü bildirilir.
Krasnodar qubernatoru Veniamin Kondratyev Telegram kanalında bildirib ki, hücum Port Kavkaza edilib. Onun bildirdiyinə görə, hücum nəticəsində həmçinin bir neçə liman işçisi yaralanıb.
Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, 21-i Qara dəniz və Rusiya tərəfindən işğal olunmuş Krım üzərində olmaqla, Ukraynanın 25 pilotsuz təyyarəsi vurulub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da bildirib ki, Ukraynanın pilotsuz təyyarələri bir neçə kənddə avtomobilləri vurub, ən azı 5 nəfər yaralanıb.
Bryansk qubernatoru hava hücumundan müdafiə qüvvələrinin Ukraynanın iki pilotsuz təyyarəsini vurmasından sonra heç bir dağıntı və ya xəsarət alan olmadığını bildirib.
Ukraynanın şimal-şərqindəki Sumi vilayətinin rəsmiləri isə çərşənbə axşamı Rusiyanın dron hücumu nəticəsində enerji obyektinə zərər dəydiyi və 50 min insanın elektriksiz qaldığını bildirib.
Ukrayna hərbi qüvvələri ölkənin hava hücumundan müdafiə qüvvələrinin gecə hücumlarında istifadə olunan səkkiz Rusiya dronundan yeddisini vurduğunu və Rusiyanın idarə olunan raketinin hədəfinə çatmadığını bildirib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak çərşənbə axşamı Telegram-da Rusiyanın kamikadze dronunun hücumu nəticəsində Marhanetsdə üç nəfərin yaralandığını və bir neçə evə ziyan vurulduğunu bildirib.
Lısak bildirib ki, daha əvvəl Nikopol şəhərinə dron hücumu edilsə də itki yoxdur.
Forum