Donald Tramp "Truth Social" sosial media platformasında Prezident Co Baydenin yarışdan çəkilmək barədə açıqlamasına reaksiya verib.
Baydenin prezidentliyə “heç zaman” yaramadığını vurğulayan Respublikaçı namizəd onun bu vəzifəyə “yalanlar, Saxta Xəbərlər və Zirzəmisini tərk etməmək” yolu ilə qalxdığını yazıb.
“Onun ətrafında hamı, o cümlədən onun Həkimi və Media bilirdilər ki, o, prezidentliyə yaramır və yaramırdı,” deyə Tramp Baydeni milyonlara qeyri-qanuni mühaciri ölkəyə buraxmaqda ittiham edib.
Amerikaya qanunsuz mühacir axını Trampın seçki kampaniyasının əsas leytmotivlərindən biridir.
“Biz onun prezidenlitiyndən çox əziyyət çəkəcəyik, lakin biz onun vurduğu ziyanı çox cəld aradan qaldıracağıq,” Tramp yazıb.
Prezident Co Bayden bazar günü 2024-cü il Ağ Ev uğrunda yarışdan çıxaraq, seçkiyə cəmi dörd ay qalmış rəqibi Donald Trampla vəzifəyə uyğunluğu ilə bağlı suallar doğuran debatdan sonra yenidən seçilmək üçün namizədliyini dayandırdığını açıqlayıb.
Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
"Sizin prezidentiniz olaraq xidmət etmək həyatımın ən böyük şərəfi olub. Mənim məramım seçkilərdə yenidən iştirak etmək olsa da, inanıram ki, mənim patiyamın və vətənin maraqlarındadır ki, mən çəkilim və diqqətimi yalnız dönəmimin yerdə qalan müddətində prezident vəzifəsini yerinə yetirməyə cəmləşdirim," Bayden açıqlamasında bildirib.
Bunun ardınca Prezident Bayden Demokrat partiyasından prezidentliyə namizəd olaraq Vitse-Prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirib.
“Bu gün mən Kamalaya partiyamızın bu il namizədi olması üçün tam dəstəyimi və razılığımı verirəm,” Bayden X platformasına yazıb. “Demokratlar – bir araya gəlməyin və Trampı məğlub etməyin vaxtıdır. Gəlin bunu edək.”
Forum