Accessibility links

Zelenski Kyivə dron hücumundan sonra uzaqmənzilli silahların tədarükünə çağırıb


Ukrayna Prezidenti Volodimir Zelenski Kyivdə mətbuat konfransı keçirir, 15 iyul 2024-cü il.
Ukrayna Prezidenti Volodimir Zelenski Kyivdə mətbuat konfransı keçirir, 15 iyul 2024-cü il.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü dronlar və raketlərdən istifadə edilən gecə hücumundan sonra deyib ki, Ukraynanın şəhərlərini və cəbhə bölgəsində qüvvələrini Rusiya bombalarından və pilotsuz təyyarələrindən qorumaq üçün uzun mənzilli silahlara ehtiyacı var.

Ukrayna hərbi qüvvələri bildirib ki, Rusiya iki həftə ərzində Kyivə beşinci dron hücumunu həyata keçirib, Ukraynanın hava hücumundan müdafiə sistemləri bütün hava silahlarını paytaxta çatmazdan əvvəl məhv edib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın atdığı 39 drondan 35-ni və iki qanadlı raketi məhv edib. Verilən məlumata görə, zərbələr Ukraynanın 10 regionuna endirilib.

Hələlik Kyivə doğru neçə dron buraxıldığı məlum deyil. Ukrayna paytaxtının hərbi administrasiyasının rəhbəri Sergey Popko Telegram kanalında bildirib ki, itki və ya əhəmiyyətli dağıntı yoxdur.

“Təkcə ötən gecə Rusiya ordusu Ukraynaya qarşı 40-a yaxın 'Şahed'dən istifadə edib. Onların əksəriyyətinin səmanın müdafiəçilərimiz tərəfindən vurulduğu vacibdir”, Zelenski dronlara işarə edərək Telegram kanalında yazıb.

O, Ukraynanı hava hücumlarından qorumaq üçün Rusiya aviabazalarında Rusiya bombardmançılarının məhv edilməli olduğunu qeyd edib.

“Bizim uzaq məsafədən zərbələr endirmək qabiliyyətimiz Rusiya terroruna ədalətli cavab olmalıdır. Bu işdə bizə dəstək olan hər kəs terrora qarşı müdafiəni dəstəkləyir”- deyə , Zelenski bildirib.

Zelenski cümə günü Londonda Qərb müttəfiqlərini Rusiyaya uzaq məsafədən zərbələr endirməyə icazə verilməsi çağırışını təkrarlayıb və deyib ki, Britaniya tərəfdaşlarını onlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmağa çalışmalıdır.

NATO üzvləri Ukraynanın verilən silahlardan necə istifadə edə biləcəyi ilə bağlı fərqli yanaşmalara malikdirlər.

Bəziləri Kyievin Rusiya daxilindəki hədəfləri vurmaq üçün onlardan istifadə edə biləcəyini açıq şəkildə ifadə edib, ABŞ isə daha məhdud yanaşma tətbiq edərək, silahlarından yalnız Rusiya sərhədi daxilində Ukraynada Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyən hədəflərə qarşı istifadəsinə icazə verib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın üç 'İsgəndər' ballistik raketini buraxdığını bildirərək, onlarlaa nə baş verdiyini açıqlamayıb.

Ukraynanın şimal-şərqində Rusiya ilə həmsərhəd olan Sumı vilayətinin hərbi administrasiyası Teleqram kanalında Rusiya raketinin bölgənin Şostkinski rayonunda mühüm infrastruktura zərər vurduğunu bildirib.

Administrasiya konkret hansı infrastrukturun vurulduğu barədə ətraflı məlumat verməyib.

Rusiya tərəfindən hələ hücumlarla bağlı açıqlama verilməyib. Moskva Ukraynada mülki hədəflərə hücum etmədiyini bildirir.

Forum

XS
SM
MD
LG