İsrail hərbi qüvvələri Livanın dövlət mediasının İsrailin ölkənin cənubunda silah-sursat anbarına zərbə endirdiyi haqda məlumat verdikdən sonra bazar günü Hizbullahın silah anbarlarına gecə boyu zərbələr endirdiyini bildirib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumunun səbəb olduğu Qəzza zolağında müharibənin başlamasından sonra Hizbullah HƏMAS-a dəstək məqsədilə demək olar hər gün İsrail qüvvələri ilə sərhəddə atəş mübadiləsi aparır.
İsrail hərbi qüvvələrinin bəyanatında deyilir ki, İsrail hava qüvvələri “Livanın cənubunda Hizbullahın raketlər və əlavə silahların olduğu iki silah anbarını vurub”.
Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi şənbə günü axşam saatlarında İsrailin sərhəddən təxminən 30 kilometr aralıda yerləşən Adlun qəsəbəsinə “basqın həyata keçirdiyi” haqda məlumat verib, daha sonra isə hədəfin “sursat anbarı” olduğunu bildirib.
“Altı mülki şəxs orta dərəcəli xəsarət alıb”, agentlik əvvəlki gecə üç nəfər olan məlumatı yeniləyərək, bazar günü verdiyi açıqlamada bildirib.
Xəbər agentliyi zərbə haqqında ilk məlumat verildikdən təxminən bir saat sonra raketlərin hələ də partlamağa davam etdiyini bildirib, internetdə isə Adlunda bir neçə böyük partlayışı əks etdirən videolar yayılıb.
Şənbə günü erkən saatlarda Hizbullah və onun fələstinli müttəfiqi olan HƏMAS İsrailin mövqelərinə raketlər və partlayıcılarla dolu dronlar atıb.
Hizbullah İsrailin dinc sakinlərin yaralanmasına səbəb olduğu iddia edilən hücumuna cavab olaraq İsrailin şimalına “onlarla Katyuşa raketi” atdığını bildirib.
HƏMAS-ın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları həmçinin Livanın cənubundan İsrail ordusunun Yuxarı Qalileyada mövqeyinə raket zərbəsi endirdiyini bildirib.
Fransa xəbər agentliyinin (AFP) məlumatına görə, Livanda oktyabr ayından bəri zorakılıqlar azı 515 nəfərin həyatına son qoyub. Ölənlərin əksəriyyəti militantlar olsa da, onların arasında ən azı 104 nəfər mülki şəxs var.
İsrail rəsmilərinin məlumatına görə, İsrail tərəfində 18 əsgər və 13 mülki şəxs həlak olub.
Forum