İsrail hərbi qüvvələri İsrailin döyüş təyyarələrinin husilərin bir neçə hədəfini vurmasından bir neçə saat sonra bazar günü səhər tezdən Yəməndən atılan raketi ələ keçirdiklərini bildirib.
İsrailin husilərin Təl-Əvivə ölümcül dron hücumuna cavab olaraq keçirdiyi hava hücumları İsrailin HƏMAS-a qarşı doqquz aydır davam edən müharibə boyunca husilərin təkrar hücumlarına cavab verdiyi ilk məlum nümunədir. Uzaq düşmənlər arasında zorakılığın artması İsrailin regionda İranın proksi qüvvələrinə qarşı müharibə apardığı vaxtda yeni cəbhənin açılması təhlükəsini yaradır.
Yəmən husilərinin Ənsarullah media mərkəzindən əldə edilən fotoda 2024-cü il iyulun 20-də Yəmənin üsyançılarının nəzarətində olan Hodeyda liman şəhərinə zərbələrdən sonra tüstü püskürdüyü göstərilir.
İsrail hərbi qüvvələri şənbə günü axşam saatlarında Yəmənin qərbində husilərin istinadgahı sayılan Hodeyda liman şəhərinə hava zərbələri endirdiyini təsdiqləyib.
İsrail ABŞ istehsalı olan F-15 və F-35 döyüş təyyarələri tərəfindən həyata keçirilən zərbələrin husilərin yüzlərlə hücumuna cavab olduğunu bildirib.
İsrail ABŞ, Britaniya və regionda qüvvələri olan digər Qərb müttəfiqləri ilə birlikdə husilərin demək olar ki, bütün raketlərini və dronlarını ələ keçirib. Lakin cümə günü səhər saatlarında husilərə məxsus dron İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək, İsrailin ticarət və mədəniyyət paytaxtı olan Təl-Əvivə düşüb, nəticədə bir nəfər ölüb.
İsrail hərbi qüvvələri şənbə günü İsraildən təxminən 1700 kilometr aralıda həyata keçirilən zərbənin ölkənin hava qüvvələrinin ən mürəkkəb və uzun mənzilli əməliyyatlarından biri olduğunu bildirib. Limanın bu ərazidən İran silahlarının Yəmənə göndərilməsi üçün istifadə edildiyi səbəbindən vurulduğu bildirilib.
Sənanın Səhiyyə Nazirliyi Hodeydada hücumlarda ilkin məlumatlara görə, 80 nəfərin yaralandığını, onların əksəriyyətinin ağır yanıq xəsarətləri aldığını bildirib. İsrailin hücumu şəhərin limanında böyük yanğına səbəb olub.
Forum