Respublikaçılar partiyasının milli qurultayı cümə axşamı gecə partiyanın prezidentliyə rəsmi namizədi, keçmiş prezident Donald Trampın nitqi ilə başa çatdı. Tramp bütün həftə boyu qurultayı izləyən auditoriyanın arasında olmuşdu, lakin keçən şənbə günü ona qarşı sui-qəsd cəhdindən sonra bu, onun ictimaiyyət qarşısında ilk çıxışı idi.
“Nominasiyanızı qəbul edirəm”….
Qurultaylarda həmişə ən yaxşı anlar sona qalır. Lakin beş gün əvvəl baş verənlər nəzərə alınsa, sabiq prezidentin çıxışı ilə bağlı gözləntilər daha böyük idi. Donald Tramp nitqinə şənbə günü mitinqdə hiss etdiyi ağrılar haqda danışaraq, daha yumşaq, düşüncəli tonda başladı.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp: “Bu nə idi belə? Bu, yalnız bir güllə ola bilərdi və mən əlimi qaldırdım, qan içində idi.”
Qurultayın keçirildiyi həftə ərzində bu foto hər gün nümayəndələrə güclü, möhkəm və sui-qəsd gülləsinin dayandırmayacağı namizədini xatırladırdı.
O bu gücün xaricdə yayılacağına söz verdi. Tramp deyib ki, onun dövründə nə Ukrayna müharibəsi, nə də İsraillə HƏMAS arasında münaqişə baş verməzdi.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp:“Tayvan, Koreya və Filippin, eləcə də bütün Asiya üzərində münaqişə kölgəsi getdikcə daha çox görünür. Planetimiz III Dünya Müharibəsinin astanasındadır. Bu, silahlara görə bənzəri olmayan müharibə olacaq”.
O, çıxışını bir neçə həftə əvvəl yazmışdı. Lakin ölümə nə qədər yaxın olduğu nəzərə alınsa, daha çox dini baxımdan dəyişikliklər edilmişdi.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp: “Yalnız Uca Tanrının lütfü ilə mən bu arenada sizin qarşınızda dayanmışam”.
Ona qarşı 34 ittiham əsasında təqsirli bilinən Tramp Bayden administrasiyasını ədliyyə sistemindən silah kimi istifadə etməkdə, hiperinflyasiya yaratmaqda və sərhədləri narkotiklər və cinayətkarlar üçün açmaqda günahlandırdı.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp: “Biz insanların ölkəmizə gəlməsini istəyirik, lakin onlar qanuni yolla bu ölkəyə gəlməlidirlər”.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp: “...və növbəti vitse-prezident Cey Di Vans.”
Keçmiş prezidentin bu həftə seçki tərəşdaşı kimi namizəd göstərdiyi Ohayo senatoru Cey Di Vans və Trampın ilk dəfə olaraq qurultaya qatılan həyat yoldaşı Melaniya Tramp da zalda idilər.
Siyasi təhlilçilər Respublikaçılar Partiyasının yeni inklüzivlik mesajı ilə çıxış etdiyini düşünür.
Texas Universitetinin professoru Şannon Bou O'Brayen: “Görün biz nə qədər fərqliyik, nə qədər mehribanıq. Baxın, demokratlar arasında necə xaos var. Görün biz nə qədər birləşmişik, birik və bizə güvənmək daha təhlükəs seçimdir”.
Tramp təhlilçilərin gözlədiyi güclü birlik mesajı vermədi, lakin bəzi nümayəndələr bunu hiss etdiklərini deyirlər.
Florida ştatından nümayəndə: “Hamı bir araya gəlir. Biz xalqın partiyasıyıq”.
Viskonsin ştatından nümayəndə: “Biz bu hərəkat, qırmızı dalğa və Donald Tramp və Cey Di Vansın bu il Ağ Evə seçilməsi üçün çox həyəcanlıyıq”.
Viskonsindən Tramp-Vans seçki kampaniyası mesajını ölkənin digər yerlərinə çatdırır.
Forum