"Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə ciddi təsir göstərməyib.
Bu barədə Bakı Aeroportunun mətbuat xidməti bildirib.
Məlumatda deyilir ki, Bakı Aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.
“Yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub. Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir”, mətbuat xidməti qeyd edib.
Bu arada Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti əhaliyə “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılmasını tövsiyə edir.
Məlumatda deyilir ki, dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib. Belə ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur.
Forum