İsrail qüvvələri çərşənbə günü Livanın cənubunda Hizbullah militantlarını hədəfə alan hava hücumları həyata keçirib.
İsrail ordusu hava zərbələri ilə Hizbullah infrastrukturunu hədəfə aldığını və eyni zamanda Hizbullahın bölgədəki təhdidlərinə cavab vermək məqsədilə artilleriya atəşindən istifadə edildiyini bildirib.
Hizbullah isə İsrailə raket zərbələri endirib. Ordu bildirib ki, bəzi raketlər havada vurulub, digərləri isə açıq ərazilərə düşərək heç bir itki və zərərə səbəb olmayıb.
Hizbullah lideri Seyid Həsən Nəsrullah çərşənbə günü etdiyi çıxışı zamanı deyib ki, İsrail qüvvələri dinc sakinləri öldürməyə davam edərsə, silahlı qrup İsraildə yeni əraziləri hədəf alacaq.
İsrailin çərşənbə axşamı Livanın cənubuna endirdiyi zərbələr nəticəsində beş suriyalı dinc sakin həlak olub.
İsrail və Hizbullah arasında sərhədyanı toqquşmalar bölgədə genişlənmiş münaqişə ilə bağlı narahatlıqları artırır.
ABŞ müdafiə naziri Lloyd Austin və İsrailin müdafiə naziri Yoav Gallant çərşənbə axşamı telefon danışığı zamanı İsraillə Hizbullah arasındakı döyüşü müzakirə ediblər. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder verdiyi açıqlamada bildirib ki, müdafiə rəisləri fələstinli mülki şəxslərə humanitar yardım gətirmək üçün Qəzza sahillərində quraşdırılmış müvəqqəti körpünü də müzakirə edib. Körpü bir sıra problemlərlə üzləşib. Şiddətli dalğalar körpünün sökülməsinə səbb olub. Austin Qallanta bildirib ki, tezliklə köprünün fəaliyyəti dayandırılacaq.
"Nazir bütün quru keçidləri vasitəsilə humanitar yardım axınının artırılmasının və Qəzzada daha sonra paylanması üçün İsrailin Aşdod limanına yardım çatdırılmasının dəstəklənməsinin vacibliyini vurğulayıb" deyə Rayder bildirib.
Pentaqon bildirib ki, Austin həmçinin "HƏMAS-ın qəti məğlubiyyətinin təmin edilməsi və HƏMAS tərəfindən əsir götürülən bütün girovların təhlükəsiz şəkildə azad edilməsinin təmin edilməsinə dair ortaq istəyi bir daha təsdiqləyib".
HƏMAS oktyabrın 7-də İsrailə qarşı müharibəyə səbəb olan hücumda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığını bildirir ki, bunlardan 42-nin öldürüldüyü ehtimal edilir.
HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi əks-tədbirlər nəticəsində 38,200-dən çox fələstinli həlak olub. İsrail öldürülənlərin çoxunun HƏMAS döyüşçüləri olduğunu bildirir.
Forum