Accessibility links

Azərbaycan Dövlət Neft Fondunun aktivləti artaraq 58 milyard ABŞ dolları təşkil edib


2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 3,4 faiz artaraq 58 milyard ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondundunun (ARDNF) məlumatında deyilir.

2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9,26 milyard manat, büdcə xərcləri isə 6,4 milyard manat təşkil edib. Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 2,8 milyard manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6,4 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib.

2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.

Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür.

“İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir edib. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək verib. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub”, məlumatda qeyd edilir.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadi təhlilçi Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, Azərbaycan neft hasilatının kəskin azalması müddətinə daxil olub.

“Biz son illərin tarixinin minimum səviyyəsində neft hasil edirik. Neft Fondunun gəlirlərinin artması isə daha çox qaz hasilatı və bonuslarla bağlıdır. Müəyyən mənada neft gəlirlərinin azalmaslını qaz hasilatının artması əvəz edir. Amma bu neft gəlirlərini əvəz edə bilməz. Həcm və gəlirlilik səviyyəsinə görə neft daha faydalıdır”, o qeyd edir.

Təhlilçi hesab edir ki, neft hasilatının azalması müəyyən problemlərin yaranmasına səbəb olacaq.

“Belə proqnoz vermək olar ki, neft hasilatının kəskin azalması paralel olaraq neft qiymətlərində də müşaiyyət olunsa problemlər çoxalacaq. Yəni ABŞ-da Respublikaçıların hakimiyyətə gəlməsi ilə sanksiyalar yumşalarsa, müharibələrdə sülh əldə olaunarsa neft qiymətlərində kəskin azalmalar olar. Yəni neft hasilatının azalması ilə parallel olaraq qiymətlərdə də azalmalar yaranarsa bu, Azərbaycanda dərin problemlər, böhran dalğaları yarada bilər. Təəssüf ki, Azərbaycan hökuməti uzun illər ərzində neft gəlirlərinin başqa gəlilərlə əvəz olunması üçün heç bir addım atmayıb. Neftdən asılılıq 15-20 il necə idisə, indi də büdcənin, ümumdaxili məhsulun formalaşmasında elə qalır. Xarici ticarətdə də necə ki, 15-20 il əvvəl neft dövriyyəinin 90 faizini təşkil edirdisə, bu gün də faiz nisbətində eynidir”, Cəfərli belə düşünür.

Forum

XS
SM
MD
LG