Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri çərşənbə axşamı Ukraynaya məxsus 13 pilotsuz təyyarənin məhv edildiyini deyib.
Müdafiə Nazirliyi Rostov vilayəti üzərində 9 dronun vurulduğunu bildirib. Ukraynanın hücumları nəticəsində itki olmadığı xəbər verilir.
Rusiya həmçinin Belqorod, Kursk və Voronej vilayəti üzərində, eləcə də Rusiyanın işğalı altında olan Krım yaxınlığında, Qara dəniz üzərində Ukraynaya məxsus pilotsuz təyyarələrin vurulduğunu bildirib.
Kursk qubernatoru Aleksey Smirnov bildirib ki, Ukraynanın hava hücumu Korenevo şəhərində elektrik cihazları istehsal edən zavodda yanğına səbəb olub. Smirnov Telegram-da ərazidə heç bir işçinin xəsarət almadığını yazıb.
Belqorod qubernatoru Vyaçeslav Qladkov isə çərşənbə axşamı Telegram-da bildirib ki, Ukrayna hücumları bir neçə kənddə binalara ziyan vurub və azı 8 nəfər yaralanıb.
Ukrayna qüvvələri isə çərşənbə axşamı iki hücum və səkkiz kəşfiyyat dronunu məhv etdiyini bildirib.
Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lysak Telegram-da yazıb ki, gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus pilotsuz təyyarəni vurub.
Xerson qubernatoru Oleksandr Prokudin Telegram-da yazıb ki, Rusiya bölgəni atəşə tutub, iki anqara və bir neçə başqa binaya raket hücumları nəticəsində ziyan dəyib.
Nikolaev və Xarkov regionlarının rəsmiləri də çərşənbə axşamı vilayətlərin Rusiya tərəfindən atəşə tutulduğu haqda məlumat verib.
Forum