ABŞ hüquq-mühafizə orqanları bazar günü – sabiq prezident Donald Trampın Pennsilvaniya ştatının Batler şəhərində kamponaiy təşviqatı zamanı sui-qəsd cəhdi nəticəsində yaralanmasından sonra meydana çıxan suallara cavab axtarmaqda davam edirlər.
Federa Təhqiqatlar Bürosu (FBI) 20 yaşlı Tomas Metyu Kruksu şənbə günü sabiq prezident Donald Trampa sui-qəsd cəhdində iştirakı olan adam kimi müəyyən edib.
Hüquq-mühafizə agentliyi qısa açıqlamada Kruksun Pennsilvaniya ştatının Bethel Park şəhərindən olduğunu bildirib. Bu şəhər Tramp qulağından güllə ilə vurulduğu Batler şəhərindən maşınla təqribən bir saatlıq məsafədə yerləşir.
Kruks Respublikaçıların prezidentliyə ehtimal olunan namizədi Trampa bir neçə atəş açdıqdan sonra ABŞ Xüsusi Xidmət əməkdaşları tərəfindən güllə ilə vurularaq öldürülüb.
Lakin ortaya çıxan yeni dəlillər insidentin olduğundan daha pis olmuş ola biləcəyinə işarə edir.
Rəsmilər deyirlər ki, Kruksun hücumda istifadə etdiyi AR-15 markalı avtomat onun atası tərəfindən alınıb, lakin onlar Kruksun bu silahı necə əldə etdiyini müəyyənləşdirməyiblər.
Orta məktəbi iki il öncə bitirmiş Kruks Respublikaçı kimi qeydiyyatdan keçib. Ancaq 2021-ci il Federal Seçki Komissiyasının məlumatına əsasən, 17 yaşında olarkən o, sola meylli Demokrat siyasətçiləri dəstəkləyən ActBlue adlı siyasi fəaliyyət komitəsinə $15 dollar ianə edib.
İanə Proqressiv Səsverməyə Cəlbolunma Layihəsi üçün nəzərdə tutulub ki, bu da ümummilli miqyasda Demokratları seçkilərə səfərəbər edir.
"Biz hazırda motiv müəyyənləşdirməmişik, hərçənd ki, bizim müstəntiqlər yorulmadan motivi müəyən etməyə cəhd göstərirlər," FBI-ın Xüsusi Agenti Kevin Rojek bildirib və əlavə edib ki, bu bir nömrəli prioritetdir.
Şənbə günü mətbuat konfransında danışan Rojek onu da bildirib ki, FBI hücumçunun tək işləyib-işləmədiyini müəyyən etməyə çalışır.
Baş verənləri Amerikanın Səsinə şərh edən Şimali Karolina-Qrinsboro Universitetində Sülh və Münaqişə Araşdırmaları Departamentinin dosenti və həmsədri Əli Əsgərov Amerika tarixində prezidentlərə qarşı sui-qəsd presedentlərinə diqqət çəkib.
Onun sözlərinə görə, 1865-ci ildə Prezident Abraham Linkolnun öldürülməsindən sonrakı onilliklərdə daha iki prezident qətlə yetirildi və 1963-cü ildə Con F. Kennedi vəzifə başında ikən sui-qəsd hədəfinə çevrilən sonuncu ABŞ prezidenti oldu. Bundan əlavə, digər prezidentlərin, o cümlədən Ronald Reyqanın həyatına uğursuz sui-qəsd cəhdləri olub.
Əsgərov qeyd edib ki, o, baş verənlərin seçkilərin nəticəsinə ciddi təsir göstərəcəyini güman etmir. Belə ki, indiyədək bir çoxları prezidentliyə ehtimal olunan namizədlər haqda rəy formalaşdırıblar. Lakin qarşıdan gələn günlərdə keçiriləcək rəy sorğuları baş vermiş insidentin siyasi gedişata mümkün təsirləri haqda daha aydın təsəvvür yarada bilər.
Forum