Accessibility links

Tehran polisi əməkdaşları hicab qanununu pozduğuna görə Türk Hava Yollarının ofisini bağlayıb


İran mətbuatının çərşənbə axşamı bildirdiyinə görə, qadın işçilər ölkə qanunlarına zidd olaraq, məcburi baş örtüyü və ya hicab taxmaqdan imtina etdikləri üçün polis İranın paytaxtı Tehrandakı Türk Hava Yollarının ofisini bağlayıb.

Yarı-rəsmi Tasnim xəbər agentliyi polis məmurlarının şirkət əməkdaşlarına "hicaba əməl etməmələri" ilə bağlı ilk xəbərdarlıq etmək üçün bazar ertəsi Tehrandakı Türk Hava Yolları ofisinə gəldiklərini bildirib.

Açıqlamada İran vətəndaşları olan işçilərin "polis məmurları üçün problem yaratdıqları" və ofisin bağlanmasına bunun səbəb olduğu bildirilib. Tasnim-in məlumatında deyilib ki, daha sonra polis işçilərin davranışına görə ofisi möhürləyib.

Tasnim-in məlumatına görə, Türk Hava Yolları ofisinin çərşənbə günü yenidən açılmasına və işini həmişəki kimi davam etdirməsinə icazə verilməli idi, ancaq polis bunu təsdiqləməyib. Xəbərdə daha sonra deyilib ki, polis baş örtüyünə riayət edilmədiyinə görə heç bir müəssisəyə möhür vurmayacaq, lakin ilk xəbərdarlıqlar verəcək.

Tehrandakı insidentlə bağlı Türk Hava Yolları-ndan şərh verilməyib.

2022-ci ilin sentyabrında ölkənin əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra hicab qanununun açıq şəkildə pozulması İranda kütləvi etirazlara səbəb olub. Bu nümayişlər xeyli dərəcədə səngimiş kimi görünsə də, bəzi iranlı qadınların küçədə başıaçıq gəzmək seçimi ölkənin teokratiyası üçün yeni problem yaradır.

Son illər İran hökuməti qadın işçilərin baş örtüyündən imtina etməsinə səssizcə icazə verən mağazalardan tutmuş, restoranlara, apteklərə və ofislərə qədər ölkə boyu yüzlərlə müəssisəni bağlayıb.

Bu icra bir ay əvvəl helikopter qəzasında həlak olan mərhum prezident İbrahim Rəisini əvəz etmək üçün iyun ayında İranda keçiriləcək prezident seçkilərinə ərəfəsində daha da gücləndirilib.

Türk Hava Yollarının Tehran ofisindəki insident Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana zəng edərək, keçən həftə İranda keçirilən prezident seçkilərinin ikinci turunda qazandığı qələbə münasibətilə təbrik etdiyi gün baş verib.

Pezeşkian İslam Respublikasını sıxışdıran, illərlə davam edən sanksiyalar və etirazlardan sonra Qərblə əlaqə saxlayacağını və ölkədə məcburi hicab qanununun icrasını asanlaşdıracağını vəd edərək, seçkidə sərt-xətt tərəfdarı Səid Cəliliyə qalib gəlib.

Dövlət İRNA xəbər agentliyi Tehran prokuroru Əli Salehiyə istinadən bildirib ki, Türk Hava Yollarının Tehrandakı ofisinin möhürlənməsi ilə bağlı heç bir hüquqi proses və ya qərar verilməyib.

Forum

XS
SM
MD
LG