Accessibility links

Jurnalist Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Teymur Kərimov
Teymur Kərimov

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edib.

Hakim prosesdə zərərçəkənlərin məcburi məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edib. Vəkil Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimovun istintaq üçün verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə fərqlidir.

"Hökm çıxarılarkən təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə əsas götürülməlidir, məhkəmənin qərarı onun istintaqa verdiyi ifadədən asılı deyil. Jurnalist bildirib ki, o, istintaqa verdiyi ifadəni işgəncə altında verib", deyə, vəkil qeyd edib.

Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Həmçinin, Kərimov idarədə ona işgəncə verildiyini deyib.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG