Accessibility links

İranda həbsdə olan əmək hüquqları fəalı Şərifə Məhəmmədinin anası ondan xəbərsiz olduğunu bildirib


Şərifə Məhəmmədi və anası (Mənbə: Instagram)
Şərifə Məhəmmədi və anası (Mənbə: Instagram)

Təqribən 7 ay əvvəl Rəşt şəhərində İranın təhlükəsizlik qüvvləri tərəfindən nəzarət altına alınan əmək hüquqları fəalı Şərifə Məhəmmədinin həbsi davam edir.

Fəalın anası bu günlərdə türk dilində bir video yayımlayaraq övladından xəbərsiz olduğunu və məsullara müraciət etsə də, onunla bağlı hər hansı bir məlumat ala bilmədiyini bildirib.

Sosial şəbəkələrdə yayımlanan videoda əmək fəalının anası deyir ki, “uşağımı tutublar, mənə bir xəbər vermirlər. Mən neçə dəfə getmişəm böyüklərə nə qədər yalvarmışam mənə cavab verməyiblər. Bəs mənim uşağımın günahı nədir? Sizdən xahiş edirəm mənə tək bir söz deyin, görüm onu saxlayacaqsız, öldürəcəksiz ya buraxacaqsız gələ? Daha nə istəyirsiz? Sizi ad veririm Allaha mənə bir xəbər verin!”

Şərifə Məhəmmədi keçən dekabr ayının ilk günlərində saxlanılıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, o “bir siyasi təşkilatla əlaqədə olmaq”da ittiham olunur.

Onun anası videoda İran-İraq müharibəsində əsir düşən oğluna işarə edərək deyib ki, “mənim bir uşağım üç il əsir oldu. Başımın altına yastıq qoymadım, altıma döşək salmadım, gözümü dikdim o gəldi. İndi də mənim bu uşağımı günahsız tutubsuz. Nə altıma döşək salıram, nə başımın altına yastıq qoyuram. Gözümü dikmişəm televizyonlara, mobillərə uşağımdan mənə xəbər verəsiz”.

Şərifə Məhəmmədi ailəli və 12 yaşında Aydın adlı uşağın anasıdır. Onun həyat yoldaşı Sirus Fəthi də bu yaxınlarda nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Forum

XS
SM
MD
LG