Accessibility links

Güneyli siyasi fəal İsmayıl Əhmədi məzuniyyətə buraxılıb


İsmayıl Əhmədi
İsmayıl Əhmədi

Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin həbsxanasında saxlanılan Azərbaycanlı siyasi məhbus İsmayıl Əhmədi 10 günlük məzuniyyətə göndərilib.

Bu barədə HRA xəbər agentliyi məlumat yayıb.

Xəbərə əsasən, siyasi məhbus 300 milyon tümən girov müqabilində məzuniyyətə buraxılıb.

İsmayıl Əhmədi Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərindəndir və hazırda 9 ay müddətində həbs cəzasını Əhər həbsxanasında çəkməkdədir.

İsmayıl Əhmədinin keçən ilin avqust və may aylarında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Siyasi fəalın Vərziqan şəhərinin Süngün mis mədənində çalışan işçilərin etiraz aksiyaları ilə bağlı məlumat yaydığı üçün nəzarət altına alınaraq, müxtəlif təzyiqlərə məruz qaldığı bildirilir.

İsmayıl Əhmədi Əhər İnqilab Məhkəməsində "İslamın müqəddəslərini təhqir etmək", "əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək", "İslam Respublikası sisteminin müxalifləri ilə əlaqə saxlamaq", "yalan məlumat yaymaq" və "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamları əsasında günahkar tanınıb.

Ona ilkin məhkəmə tərəfindən verilən 9 ay həbs və 70 şallaq cəzası hökmü Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 32 saylı şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Əhmədi həbs cəzasını çəkmək üçün bu il aprelin 20-də Əhər həbsxanasına köçürülüb.

Forum

XS
SM
MD
LG