Avropa Şurasının məhbusların sayına dair illik hesabatına əsasən, Azərbaycan quruma üzv ölkələr arasında hər yüz min əhaliyə düşən məhbus sayına görə ilk üçlükdə yer alır.
İyunun 6-da yayılan, Avropa Şurasının Lozanna Universiteti ilə bərabər hazırladığı hesabatda qeyd edilir ki, 2023-cü ildə Azərbaycanda hər yüz min əhaliyə düşən məhbus sayı 244 olub. Bu baxımdan Azərbaycanı yalnız Türkiyə (hər yüz min əhaliyə 408 məhbus) və Gürcüstan (256) qabaqlayır.
2023-cü il yanvarın 31-nə olan statistikaya əsasən, Azərbaycanda istintaq təcridxanalarında saxlanılan şəxslər də daxil olmaqla ümumilikdə 24698 məhbus olub. Onlardan 716-sı qadınlar, 56-sı azyaşlılar, 474-ü isə xarici ölkə vətəndaşlarıdır.
Məhbuslardan 7979 nəfəri narkotiklə əlaqəli ittihamlarla həbs olunublar ki, bu da ümumi sayın 41.7 faizini təşkil edir. 276 məhbus ömürlük həbs cəzasına məhkum edilən şəxslərdir.
Azərbaycan həmçinin ötən hesabat ili ərzində məhbusların sayında müşahidə edilən artıma görə ilk beşliyə düşüb. Bundan əvvəlki hesabatda Azərbaycanda ümumi məhbus sayının 22 334 olduğunu qeyd edən hesabat müəllifləri Azərbaycanda bir il ərzində bu rəqəmin 12 faizdən çox artdığını vurğulayır.
Hesabatda Azərbaycan həbsxanalarındakı sıxlığın da yüksək olduğu vurğulanır. Ümumilikdə 25672 yerə malik olan Azərbaycan həbsxanalarında hazırda hər yüz yerə 96.2 məhbus düşür.
Bundan əlavə, Azərbaycan hesabatda Avropa Şurası ölkələri arasında məhbuslar üçün ən az pul xərcləyən ölkə kimi qeydə alınıb. 2022-ci il ərzində Azərbaycanda məhbuslar üçün sərf edilən büdcə ümumilikdə 78 milyon avro olmaqla adambaşına 8.2 avro təşkil edib. Müqayisə üçün Avropa ölkələri arasında məhbusbaşına ortalama xərc 131 avrodur.
Avropa Şurası məkanında ümumi vəziyyətə diqqət yetirdikdə, Türkiyə həm ümumi məhbus sayına görə, (348 mindən çox) həm də hər 100 min adama düşən məhbus sayına görə (408 nəfər) ilk sırada gəlir.
Digər tərəfdən Kipr və Rumıniya ən çox sıxlığın müşahidə olunduğu ölkələrdir. Kipr həbsxanalarında mövcud olan hər 100 yerə 166, Rumıniyada isə 120 məhbus düşür.
Forum