Accessibility links

“Müdafiə Xətti”: Azərbaycanda Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilmir


Arxiv fotosu - “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycanda insan haqlarının durumu ilə bağlı mətbuat konfransı keçirir.
Arxiv fotosu - “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycanda insan haqlarının durumu ilə bağlı mətbuat konfransı keçirir.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycanda əsas insan və vətəndaş hüquq və azadlıqlarını inkar edən yeni repressiv səhifə açıldığını, siyasi ağırlığa malik cinayət təqibləri artdığını, güc strukturlarının iş rejimində psixi və fiziki zorakılıqlar, işgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışların geniş vüsət aldığını qeyd edir.

“Müdafiə Xətti” bəyanatda bildirir ki, ölkədə Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilmir, cəmiyyətin iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət modelindən imtina edilir, fundamental azadlıqlar, eləcə də söz və fikir, mətbuat və məlumat, sərbəst toplaşmaq azadlıqları, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ əngəllənir.

“Akif Qurbanov barəsində qaldırılmış saxta cinayət işinin istintaqını aparan dairələr cinayət və cinayət prosessual məcəllələrinin tələblərini rəhbər tutmurlar, siyasi təlimatlara görə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, ədalətliliyi təmin olunmur, əksinə, ictintaq təcridxanasında əlavə təzyiq və təhdid vasitələri işə salınır”, bəyanatda bildirilir.

“Müdafiə Xətti” bəyanatda qeyd edir ki, Akif Qurbanov apellyasiya instansiyasında çıxış edərək, mənbəyini rəsmi dairələrdən götürən qarayaxma kampaniyasına ətraflı cavab verib, ictimaiyyətə şəxsi mülk və mal varlığı barədə detallı məlumatlar çatdırıb, Mərkəzi Seçki Komissyasındakı fəaliyyəti, vətəndaş cəmiyyətindəki çalışmaları, ailəsinin, həyat yoldaşının maliyyə aktivləri haqda hesabat təqdim edib, eyni zamanda, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi repressiv, hüquq və azadlıqlara rəvac verməyən siyasətini tənqid edib, cari siyasi iqlimi, hüquq sistemini Stalin və “NKVD” üsulu ilə müqayisə edib.

“Həyəcanla bildiririk ki, Azərbaycan cəmiyyətinə, yerli və beynəlxalq hüquq müdafə təşkilatlarına, sivil toplum təmsilçilərinə, siyasi təşkilatların rəhbərlərinə, müstəqil media mərkəzlərinə, Qərb və Avropa ölkələrinin Bakıdakı səfirliklərinə müraciət edirik ki, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanova və digər vicdan məhbuslarına qarşı qanunazidd davranışların durdurulması üçün ciddi səy göstərsinlər, ictimai-siyasi fəalların azadlıq hüquqlarının bərpa edilməsi məqsədilə təxirəsalınmaz, təsirli və əməli tədbirlər görsünlər” , deyə təşkilat qeyd edir.

“Müdafiə Xətti” hakim dairələrin repressiv hərəkətlərini qətiyyətlə pislədiyini, hökuməti Konstitusiya və Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlara hörmət ruhunda siyasət yürütməyə çağırdığını, Akif Qurbanovun və 300-ə yaxın siyasi və vicdan məhbusunun dərhal azadlığa buraxılmasını tələb etdiyini bildirir.

Akif Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi. Bundan sonra onun ailə üzləri ilə görüş verilmədiyi, həmçinin, telefon danışıqlarına qadağa qoyulduğu deyilir. Bu barədə məlumatı iyunun 2-də “III Respublika Platforması” yayıb. Məlumatda deyilir ki, ailəsinin Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib. Bundan əlavə ona aparılan kitablar geri qaytarılıb.

Platformanın iyunun 4-də yaydığı bəyanatda qeyd olunur ki, onların həbsdə olan spikeri Akif Qurbanov 1 saylı Bakı İstintaq Təcridxanasında təhdidlərə məruz qalır. Platforma bildirir ki, yüksək rütbəli dövlət məmuru Akif Qurbanovu sərt dillə hədələyib.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir, “həbs edilmiş şəxs Akif Qurbanovun hər hansı şəxs tərəfindən qəbul edilərək hədələnməsi, eyni zamanda, təcridxana rəhbərliyi tərəfindən təhdid edilməsi iddiaları tam əsassızdır, o cümlədən onun telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır”.

Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı həbs olunub. Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. “Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, “III Respublika Platforması”nın üzvü Ruslan İzzətli, “Toplum TV”nin redaktoru Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilir, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş hesab edir.

Beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini haqsız saxlanılan şəxsləri həbsdən azad etməyə çağırıb.

Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG