Accessibility links

Bakı meriyası Milli Şuranın mitinq keçirməsini “məqsədəuyğun” hesab etməyib


Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 19-da mitinq keçirməklə bağlı müraciətinə baxıb və mitinqin keçirilməsini “məqsədəuyğun” hesab etməyib.

Bakı şəhər İcra Hakuimiyyəti bildirib ki, paytaxtdakı Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.

İcra hakimiyyəti göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 19 may tarixində planlaşdırılan mitinqin keçirilməsini “məqsədəuyğun” hesab etməyib.

Milli Şuradan Amerikanın Səsinə verilən məlumata görə, Milli Şurasının Koordinasiya Mərkəzində və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətində müzakirələrdən sonra, sankisyalaşdırılmamış mitinqin keçirilib-keçirilməməsi barədə qərar veriləcək.

Bundan öncə Milli Şura aprelin 21-ə, daha sonra isə mayın 5-ə mitinq təyin edib, lakin Bakı meriyası həmin mitinqlərin keçirilməsi ilə bağlı müraciətə müsbət cavab verməyib, buna görə də Şura yeni tarix təyin edib.

Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılmasıdır.

Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Forum

XS
SM
MD
LG