Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bildirdiyinə görə, mayın 10-da yoxa çıxdığı bildirilən Müsavat Partiyasının fəalı Natiq Mehdi (Ulubəy) iş yoldaşı tərəfindən qətlə yetirilib.
DİN qətlin Elsevər İslamov tərəfindən törədildiyini, bununla yanaşı, qətlin motivləri barədə hələ məlumata malik olmadığını əlavə edib.
Müsavat Partiyası, Natiq Mehdinin ailəsi və bu iş üzrə vəkil qətllə bağlı hələ münasibət bildirməyib.
Natiq Mehdinin ailəsindən Amerikanın Səsinə deyiblər ki, o, Bakının Günəşli qəsəbəsindəki məktəblərin birində mühafizəçi işləyirmiş.
Xatırladaq ki, Müsavat Partiyası bu gün fəalının yoxa çıxması barədə məlumat yayıb. Partiyanın bildirdiyinə görə, Mehdi mayın 10-da öz avtomobili ilə evdən çıxıb və geri qayıtmayıb. "Ailə üzvləri onun yoxa çıxması barədə polisə məlumat verib", məlumatda qeyd edilir.
Natiq Mehdi Müsavat Partiyasının Səbail Rayon Təşkilatının sədr müavini idi. O, aprel ayında partiyanın başqanlığına öz namizədliyini irəli sürüb, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb.
Forum