Mayın 4-də Müsavat Partiyasının XI qurultayında 10 ildən sonra İsa Qəmbər yenidən bu partiyanın başqanı seçilib.
Müsavat Partiyasının məlumatına görə, qurultayda iştirak edən 289 nümayəndədən 282 nəfəri səsvermədə iştirak edib. Onlardan 275-i İsa Qəmbərin lehinə, 3 nəfəri əleyhinə səs verib. Qalan 4 nəfər isə səsvermədə iştirak etməyib.
Qurultay həmçinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının 7 üzvünü və Məclis üzvlərini seçib.
Müsavat Partiyasının qurultayı Azərbaycanda insan haqlarının pozulması, partiyanın üzvü Tofiq Yaqublunun, siyasi motivlərlə tutulan bütün fəalların və jurnalistlərin azadlığa buraxılmasını tələb edən bəyanatlar qəbul edib.
Partiya başqanı İsa Qəmbər bildirib ki, ölkədə vəziyyət kifayət qədər ağırdır.
“İqtisadi böhranın nəticələri davam edir. Ölkədəki rüşvətxodluq, korrupsiya, monopoliyalar davam edir. Xalqımızın həyat şəraiti arzuladığımız şəkildə deyil, çox bərbad vəziyyətdədir. Siyasi repressiyalar, həbslər davam edir. Böyük sayda dustaqlar var. Vəziyyət kifayət qədər ağırdır”, o qeyd edib.
İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq. O, dinc demokratik keçid üçün ictimai saziş təklifi ilə çıxış edib.
“Hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Eyni zamanda demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır”, Müsavat lideri qeyd edib.
Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Bakıda yaradılıb.
Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib.
1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub. Rusiya imperiyası Azərbaycanı işğal edəndən sonra partiya 1922-1989-cu illərdə mühacirətdə fəaliyyətini davam etdirib.
1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.
Forum