Accessibility links

Daha 2 fəal BŞBPİ-də dindirilib


Elgiz Qəhrəman və Əbülfəz Qurbanlı
Elgiz Qəhrəman və Əbülfəz Qurbanlı

Mayın 3-də “Artikl 54” İctimai Birliyinin rəhbəri Əbülfəz Qurbanlı və ictimai fəal Elgiz Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindiriliblər. Əbülfəz Qurbanlı bildirib ki, suallar “Abzas Media işi” ilə bağlı olub.

"İbtidai araşdırma dövrü olduğu üçün onlar xahiş etdilər ki, geniş məlumatlar təqdim etməyim. Hər şey normal keçdi, xüsusi bir hadisə baş vermədi. Bildiyim məsələlər ətrafında danışdım və hələlik, sərbəst buraxıldım. Orada da bildirdim ki, mənim "Abzas Media" ilə əlaqəm Ülvi Həsənli ilə dostluq, yoldaşlıq kontekstindədir. Dedim ki, mən jurnalist deyiləm, əgər bu sahədə təcrübəm və bacarıqlarım olsaydı məmnuniyyətlə "Abzas Media" ilə əməkdaşlıq edərdim. Hər bir dostumuza azadlıq arzu edirəm", deyə fəal bildirib.

Elgiz Qəhrəman isə idarədə ona ümumi suallar verildiyini deyib:

"Dindirilmə zamanı mənə qarşı heç bir təzyiq və təhdid olmadı. İstintaqa maraqlı olan suallar var idi və o suallar mənə yönləndirildi. İstintaq məlumatlarının yayılmaması ilə bağlı cinayət məsuliyyəti izah olundu. Ona görə də istintaqda soruşulan suallarla bağlı məlumat verə bilmərəm. Ümumilikdə yaxşı keçdi, sərbəst buraxıldım. Ölkədən çıxmamağımla bağlı deyildi, mən də bildirdim ki, mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Səbəbini soruşanda isə deyildi ki, şahid olduğun üçün qoyulub".

Hər iki fəal 3 saatlıq dindirilmədən sonra sərbəst buraxılıblar.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "Abzas Media" işi üzrə "Meclis.info" saytının rəhbəri İmran Əliyev də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Aprelin 27-də iqtisadçı Toğrul Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinə "Abzas Media" ilə bağlı dindirilməyə çağırılıb.

Aprelin 24-də və 25-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində çağırılan "Sosial Hüquqlar Mərkəzi"nin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli dindirildikdən sonra sərbəst buraxılıblar.

Aprelin 17-də "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində jurnalist Mina Əlyarlı, aprelin 16-da İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər.

Aprelin 10-da isə jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG