Accessibility links

ABŞ mediası İsrailin İrana hava zərbəsi endirdiyini bildirir


ABŞ mediasının adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail cümə günü yerli vaxtla səhər saatlarında İranın daxilində hava hücumu həyata keçirib. Gecə baş verən insident iki regional rəqib arasında artan gərginlikləri əks etdirir, lakin Tehran cümə günü insidenti qabartmayaraq cavab vermək planının olmadığına işarə edib.

“The New York Times” və “The Washington Post” İsrail rəsmilərinə istinadən İsrailin İrana hava hücumu təşkil etdiyini bildirib. Bir çox xəbər agentliyi ABŞ rəsmilərinə istinad edərək baş verənləri raket zərbəsi kimi xarakterizə edib.

İranın dövlət İRNAFars xəbər agentlikləri İslam Respublikasının mərkəzi İsfahan şəhəri yaxınlığındakı Hava Hücumundan Müdafiə Qüvvələrinin hazır vəziyyətə gətirildiyini bildirib. Onlar həmçinin şəhər yaxınlığında partlayış səslərinin eşidildiyini bildirsələr də, partlayışların havada və ya yerə düşərkən baş verdiyini dəqiqləşdirməyiblər.

İran Kosmik Agentliyinin direktoru bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə pilotsuz aparatı vurub.

Hücumun ilk saatlarında İran yarı-rəsmi FARS xəbər agentliyi bildirmişdi ki, İsfahan şəhərinin şimal-qərb hissəsində döyüş təyyarələrinin yerləşdiyi hərbi bazanın yaxınlığında üç partlayış səsi eşidilib.

"Müdafiə dron ola biləcəyi ehtimal edilən obyektə cavab olaraq aktivləşdirilib", mənbələr FARS-a xəbər veriblər.

Agentlik həmçinin bildirib ki, mümkün hədəflərdən biri ordu radarı ola bilərdi və bu ərazidə bir neçə ofis binasının pəncərələri qırılıb.

İsrail ordusunun sözçüsü Amerikanın Səsinə ABŞ mediasında yayılan xəbərlərə "hazırda" şərh vermədiyini deyib.

Zərbədən az öncə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian CNN-ə bildirmişdi ki, əgər İsrail İrana qarşı daha bir hərbi əməliyyat aparsa, onun cavabı "dərhal və maksimum səviyyədə" olacaq.

İran dövlət mediası tez bir zamanda insidenti dərəcəsini azaltmağa çalışaraq, İsfahanın nüvə obyektlərinin təhlükəsiz olduğunu bildirib. Həmçinin, onların bildirdiyinə görə, cümə günü İsrailin hava hücumuna açıq cavab olaraq uçuşların fəaliyyətlərinin dayandırılmasından bir neçə saat Tehranın İmam Xomeyni beynəlxalq hava limanı və Mehrabad daxili hava limanında iş normal vəziyyətə düşüb.

İran dövlət mediası Press TV dövlət rəsmilərinə istinadən İranın bir neçə hava limanından uçuşların ləğv edildiyini xəbər vermişdi. Tehran, İsfahan və Şiraza gedən bütün uçuşlar dayandırılmışdı. Bu barədə İranın hava limanı şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru dövlətə məxsus Mehr TV-yə müsahibəsində bəyan etmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib ki, Qərb ölkələri Yaxın Şərqdə hərtərəfli müharibədən qaçmaq üçün təmkinli olmağı xahiş etsələr də, İsrail ötən həftəsonu İranın raket və pilotsuz təyyarə hücumlarına necə cavab verəcəyini özü müəyyən edəcək.

ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İranın İsrailə ilk dəfə İran ərazisindən etdiyi hücumda 110-dan çox ballistik raket, 30 qanadlı raket və 150-dən çox bir istiqamətli partlayıcı pilotsuz uçuş aparatı iştirak edib. Onlar İranın İraq, Suriya və Yəməndəki tərəfdaş qüvvələrinin də hücumda iştirak etdiyini bildirib.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və “Böyük yeddilik” ölkələri İrana qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıblar. Bu, İsraili dəstəkləmək və eyni zamanda onu Tehrana qarşı cavab tədbirləri almaq niyyətini cilovlamağa inandırmaq məqsədi daşıyır.

Forum

XS
SM
MD
LG