Accessibility links

Vəkil: Müvəkillimdən qanunsuz olaraq məndən imtina etməsi tövsiyə olunur


İlkin Əmrahov
İlkin Əmrahov

“Toplum işi” ilə bağlı həbs olunan İlkin Əmrahovun vəkili Rövşanə Rəhimli bildirir ki, müvəkillindən ondan imtina edilməsi tövsiyə olunur. Vəkil Baş Prokurorluğun əməkdaşı Emil Məhərrəmlinin qanunsuz hərəkət etdiyini deyir:

“8 mart 2024-cü il tarixdə İlkin Əmrahov məhkəməyə gətirilən zaman polis əməkdaşları tərəfindən pis rəftara məruz qalıb. İlkinə qarşı baş vermiş qanunsuz hərəkətləri sosial şəbəkələrdə ictimailəşdirməklə yanaşı Ombudsman və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayətlər ünvanlamışam. Ötən həftə şikayəti araşdırmaq məqsədi ilə Baş Prokurorluğun əməkdaşı Bakı İstintaq Təcridxanasına İlkin Əmrahovun izahatını almağa gedib və dolayı yolla İlkin Əmrahova mənim müdafiəmdən imtina etməsini, başqa vəkillə davam etməsini tövsiyə edib”.

Rövşanə Rəhimlinin sözlərinə görə prokurorluğun əməkdaşı Emil Məhərrəmli tərəfindən İlkinə “siz kasıb ailəsiz, atan vəkili necə tutub, vəkilin pulunu necə ödəyib?”, “bəlkə vəkilin pulunu başqaları verib, bu vəkili dəqiq atan tutub?” kimi etikadan kənar və qanunsuz suallar ünvanlanıb.

“İlkin Əmrahov və digərlərinə qarşı zorakı hərəkətlər həmin gün mənim və digər vəkil həmkarlarımın gözü qarşısında baş verib, amma nədənsə şikayəti araşdıran Emil Məhərrəmli şahid kimi vəkilləri deyil İkinin valideynlərinin izahatını almaq üçün dəvət edib və sözü gedən şikayətlə əlaqəsi olmayan söhbətlər aparıb”, deyə vəkil qeyd edib.

Rəhimli məsələ ilə bağlı şikayət edəcəyini bildirib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan mövqe almaq mümkün olmayıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Baş redaktor deyib ki, "Toplum TV"-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.

"Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır", İsmayıl qeyd edib.
Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Forum

XS
SM
MD
LG