Accessibility links

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə rədd cavabı verdi


Aprelin 17-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mitinq keçirməklə bağlı müraciətinə rədd cavabı verib.

İcra hakimiyyətinin müraciətə cavab məktubunda qeyd olunub ki, Milli Şuranın mitinq üçün göstərdiyi Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri aparılır:

“Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi yerlərdir. Bu ərazilərdə nəqliyyat intensiv hərəkət etdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq. Ona görə aksiya keçirilməsi məqbul sayılmır”.

BŞİH cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinə əsaslandığını bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirir ki, partiya cavab məktubu ilə bağlı müzakirə aparır, ictimaiyyətə məlumat veriləcək.

Demokratik Qüvvələrin Milli Şurası aprelin 21-də saat 15.00-ə mitinq təyin edib.

Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması və Rusiya ordusunun Azərbaycandan çıxarılması olacaq.

Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG