Çərşənbə axşamı Ermənistan Beynəlxalq Ədalət Məhkəməsini (BƏM) Qarabağda ermənilərə qarşı etnik təmizləmə apardığına görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıb.
“İllər boyu bununla hədələdikdən sonra Azərbaycan regionda etnik təmizləməni başa çatdırıb və hazırda etnik ermənilərin mövcudluğunun bütün izlərini sistematik olaraq silir” - deyə, Ermənistan nümayəndəsi Yeğişe Kirakosyan BMT-nin baş məhkəməsində dinləmələrin ikinci günündə bildirib.
Bu məhkəmə işi Cənubi Qafqaz qonşuları arasında onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını əks etdirir.
Azərbaycan silahlı qüvvələri uzun illər etnik ermənilərin nəzarətində olan dağlıq bölgə üzərində ötən sentyabr ayında nəzarəti bərqərar etdikdən sonra əksər etnik ermənilər Ermənistana gedib.
İlk dəfə 2021-ci ildə BƏM-də qaldırılan işdə Ermənistan Azərbaycanı ermənilərə qarşı irqçiliyi təşviq etməkdə, ermənilərə qarşı nifrət dolu çıxışlara yol verməkdə və erməni mədəniyyət obyektlərini dağıtmaqda ittiham edib.
Ermənistan Azərbaycanın bununla BMT-nin ayrıseçkiliyə qarşı müqaviləsini pozduğunu bildirib.
Bakı ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Bazar ertəsi Azərbaycan məhkəməyə bildirib ki, Ermənistanın şikayətlərinin əksəriyyəti Qarabağ üzrə silahlı münaqişələrlə bağlıdır və BMT müqaviləsinin əhatə dairəsinə daxil deyil.
Bakı həmçinin Ermənistanı işi Dünya Məhkəməsi kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsinə verməzdən əvvəl danışıqlarda səmimi iştirak etməməkdə ittiham edib. Kirakosyan bu iddiaları rədd edib.
Noyabrda məhkəmə iş üzrə fövqəladə ölçülər qəbul edərək Azərbaycanın Qarabağı tərk edən etnik ermənilərin geri qayıtmasına icazə verməsi barədə qərar çıxarıb.
Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdüyünü və etnik erməniləri Qarabağı tərk etməyə məcbur etmədiyini bildirir.
Dinləmələr yalnız BƏM-in yurisdiksiyasına dair hüquqi etirazları əhatə edəcək və ayrıseçkilik iddialarının mahiyyətinə varmayacaq. Yekun qərar illərlə vaxt apara bilər və BƏM-in öz qərarlarını icra etdirmək səlahiyyətləri məhduddur.
Forum