Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.
Bu barədə Hikmət Hacıyev, "X"də paylaşım edib.
"Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq," Hikmət Hacıyev paylaşımda bildirib.
Hikmət Hacıyev qurumun rəhbəri Delfin Pronka və görüşdə iştirak edən nümayəndələrə təşəkkür edib.
Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov, Aİ-nın Bakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da yer alıb.
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili bir müddət əvvəl Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda çoxdan, 90-cı illərin axırlarından Gürcüstan və Ermənistanda, 2000-ci illərin ortalarından Azərbaycanda xüsusi bir missiya ilə mövcuddur.
"Hesab edə bilərik ki, region ilə bağlı bir sıra məqamlarda bu missiyaların kifayət qədər vacib rolu var. Amma, eyni zamanda mən, sözün açığı, ən azı 2012-2013-cü illərdən sonra 2020-ci ilə kimi Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri ən inkişaf etmiş, ən öndə olan münasibətlər sistemi hesab etməzdim"o bildirib.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri 1999-cu ildə qüvvəyə minmiş Partnyorluq və Əməkdaşlıq sazişinə əsaslanır.
Ekspertlər qeyd edir ki, Aİ Azərbaycanın əsas ticarət partnyorudur, Azərbaycan isə Avropa İttifaqı enerji təhlükəsizlyinin mühüm təminatçılarından biridir.
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Forum