Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tehranın Evin həbsxanasında saxlanılan sənətçi və siyasi fəal Murtəza Pərvinin bazar ertəsi günü ilk dəfə atası ilə görüşünə icazə verilib. Siyasi məhbus görüşdə səhhətinin yaxşı olmadığını bildirib.
Pərvin fevral ayının 6-da Ərdəbil şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməyə göndərilmişdi. O, atası ilə görüşündə bu yaxınlarda həbsxananın karantin bölməsinə köçürüldüyünü söyləyib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən fəallardan əldə etdiyi məlumata görə, siyasi məhbusun ailəsi onun tutulmasından sonra dəfələrlə Ərdəbil şəhərindən Tehrana gedərək görüş üçün Evin həbsxanasına müraciət etsələr də icazəsi ala bilməmişdilər.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, Pərvin görüşdə həmçinin daha əvvəldən əziyyət çəkdiyi bel ağrısının ağırlaşdığını bildirib.
Siyasi fəal nəzarətə alındıqdan sonra 2 həftədən artıq aclıq aksiyası keçirib.
Murtəza Pərvindən əlavə onunla eyni günlərdə tutulan türk fəallar Səid Camalzadə, Tahir Nəqəvi, Ayaz Seyfxah, Araz Əman, Abdullah Vahidi, Kəmal Nuri, Kərəm Mərdanə və Əbdüləziz Əzimi Qədimin də Evin həbsxanasında saxlanıldığı bildirilir.
Fevral ayının 5, 6 və 7-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Əlburz və Tehran vilayətlərində təqribən 15 milli fəal nəzarət altına alınıb. Saxlanılan fəalların çoxu daha sonra ailələrinə zəng edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Bəzi fəallar keçən həftələrdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Forum