Accessibility links

Qardaşı: Əziz Orucovun səhhətində problemlər yaranıb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun səhhətində problemlər yaranıb. Bu barədə onun qardaşı Anar Orucov məlumat yayıb.

"Bu gün ailəmiz Bakı İstintaq Təcridxanasında qardaşım Əziz Orucovla görüşüb. Onun səhhətində problemlər yaranıb, davamlı mədə və baş ağrıları var, əsəblərində ciddi problemlər var, əlləri əsir, gözləri qaralır. İlk dəfə tutulanda da ciddi sinir problemləri yaşamışdı, ciddi psixoloji problemləri yaranıb, tez-tez boğulmaları olur. Ötən həftə təcridxanada qrip olub. Vəkil Bəhruz Bayramov da 2 gün öncə Əzizlə görüşəndən sonra səhhətinin və psixoloji durumunun pis olduğunu dedi", o qeyd edib.

Əziz Orucovun qardaşı onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

"Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

"Kanal 13"ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasından əlaqə saxlaya bilib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG