Təbrizdə beş gün ərzində İranın 18 şəhərindən sənətçilərin iştirakı ilə muğam musiqi festivalı keçirilib.
Yarı-rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, festivalın direktoru Qulamrza Mirzazadə bildirib ki, musiqi festivalında İranın səkkiz vilayəti və 18 şəhərindən sənətçilər iştirak ediblər.
Təbrizdə keçirilən 4-cü muğam musiqi yarışmasının iştirakçıları Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Tehran, Əlburz və Luristan vilayətlərindən, ən çox iştirakçı isə Şərqi Azərbaycandan olub.
Mirzazadənin sözlərinə görə, festivala çağırış başlayandan müxtəlif vilayətlərdən Muğam musiqisi sənətkarları 347 əsər göndərib ki, onlardan 134 əsər final ifa bölümünə çıxıb. Festivalda ifa olunan əsərlər arasında xanəndəliklə bağlı 43, musiqi ifası ilə bağlı 91 əsər yer alıb.
Xalq tərəfindən coşqu ilə qarşılanan bu musiqi festivalı fevralın 20-dən 24-dək keçirilib.
Festivalın tamaşa zalından bir sıra videolar sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Həmin videolarda görünür ki, zalda elektrik kəsilməsi baş verib və zal bir neçə dəqiqə qaranlığa qərq olduğu vaxtda, tamaşaçılar bəzi Azərbaycan müsiqilərini birgə oxuyublar.
Həmçinin tamaşaçılar zalda elektirikin kəsildiyi müddətdə İran Azərbaycanında çox populyar, Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi Azərbaycan mahnısını birgə oxuyublar. İran Azərbaycanında, bir çox mərasimlərdə bu mahnı ifa edilər.
Festivalın bağlanış mərasimində qaliblərə mükafatlarını təqdim edən Təbriz bələdiyyə başqanı Yaqub Huşyar çıxış edib. O, gələcəkdə keçiriləcək 5-ci Muğam festivalının beynəlxalq müstəvidə keçirilməsini istəyib.
Bu barədə sadəcə Təbriz bələdiyyə başqanı deyil, Təbriz Bələdiyyəsinin Mədəniyyət, İctimai və İdman Təşkilatının rəhbəri Əmir Nəsirbeygi də media ilə söhbətində festivalın beynəlxalq musiqi festivalına çevriləcəyinə ümid etdiyini bildirib. O, festivalın ilkin mərhələdə olduğunu və beynəlxalq səviyyədə keçirilməsi üçün daha yüksək səviyyəli mərhələyə çatmasının lazım olduğunu bildirib.
Forum