Accessibility links

Navalnının anası oğlunun cəsədinin verilməsi ilə bağlı Putinə müraciət edib


Lyudmila Navalnaya
Lyudmila Navalnaya

Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası çərşənbə axşamı prezident Vladimir Putindən ləyaqətlə dəfn edilməsi üçün oğlunun cəsədini ona verməsini xahiş edib. Cümə günü 47 yaşlı Navalnının öldüyü Arktikadakı cəzaçəkmə koloniyasının tikanlı məftilləri önündə çəkilmiş videoda qara geyimli Lyudmila Navalnaya görünüb.

Navalnaya videoda “Beşinci gündür ki, onu görə bilmirəm. Onun cəsədini mənə vermirlər. Onun harada olduğunu belə mənə demirlər" deyib.

Navalnının komandasının sosial şəbəkədə paylaşdığı videoda o, “Sizə müraciət edirəm, Vladimir Putin. Bu məsələnin həlli sırf sizdən asılıdır. Nəhayət, oğlumu görməyə icazə verin. Alekseyin cəsədinin dərhal buraxılmasını xahiş edirəm ki, onu insan kimi dəfn edim" deyib.

Onun sözlərinə görə, səlahiyyətlilər hətta Navalnının cəsədinin harada olduğunu ona deməkdən imtina edir. Navalnının komandası deyir ki, Rusiya rəsmiləri ölümün səbəbinin məlum olmadığını bildiriblər və onun ölümü ilə bağlı araşdırma davam etdiyi üçün iki həftə ərzində cəsədi buraxmaqdan imtina ediblər.

Navalnının tərəfdaşları hökuməti onun qətlə yetirildiyinə dair sübutları gizlətməyə çalışmaqda ittiham ediblər. Bazar ertəsi Navalnının dul arvadı Yuliya Putini video yayımlayaraq ərinin öldürüldüyünü və onun cəsədinin verilməməsinin ört-basdırın bir hissəsi olduğunu iddia edib.

Navalnının ölümü Rusiya müxalifətini seçkiyə bir aydan az qalmış ən tanınmış simasından məhrum edib. Seçkilər Putinə daha 6 il hakimiyyət verəcək. Bir çox rus Putinin müxalifətə qarşı amansız repressiyaları fonunda Navalnıya nadir siyasi dəyişiklik ümidi kimi baxırdılar.

Navalnı 2021-ci ilin yanvarından Almaniyada zəhərlənmədən sağaldıqdan sonra Moskvaya qayıdanda həbs edilib. O vaxtdan bəri o, siyasi motivli ittihamlarla üç dəfə həbs cəzası alıb.

Forum

XS
SM
MD
LG