Ərdəbildə yaşayan güneyli milli fəallardan olan Səid Dustan bazar ertəsi, fevralın 12-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasına aparılıb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Səid Dustan Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin Prokurorluğuna müraciət etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bundan əvvəl, milli fəala Ərdəbil məhkəməsi tərəfindən çağırış bildirişi göndərilmişdi.
Bu bildirişdə təqsirləndirilən milli fəalın məhkəməyə çağırılmasının səbəbinin “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə bağlı olduğu bildirilib.
Milli fəalın işinə baxan müstəntiq bildirib ki, Səid Dustan ilə bağlı işin istintaq mərhələsi başa çatana qədər, o, Evin həbsxanasına köçürüləcək.
Son aylarda və həftələrdə İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən İran Azərbaycanının müxtəlif şəhərlərində yaşayan azərbaycanlı milli və mədəni fəallarına qarşı təzyiqlərin kəskin şəkildə artdığı müşahidə olunub. Güneyli fəallar təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilir və aylarca Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkilir.
Forum