Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycandakı seçkilərdə ATƏT-dən “siyasi alət” kimi istifadə edilməməsinə çağırır
- By Emil Bağırov
Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) ATƏT rəsmilərini Azərbaycan hakimiyyətinə ATƏT-dən Azərbaycanda “açıq-aşkar qeyri-demokratik prezident seçkilərini təmizə çıxarmaq üçün siyasi alət” kimi istifadə etmək imkanı verməməyə çağırıb.
İnsan Haqları İnstitutu (İHİ) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təmsil etdiyi AZEX fevralın 7-də yaydığı bəyanatında ATƏT/DTİHB missiyasının qısamüddətli müşahidəçisi, isveçrəli parlamentar Nik Quqqerin Azərbaycana girişinə icazə verilməməsini, Azərbaycanda prezident seçkiləri ərəfəsində media və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri pisləyib. Xəbərin davamı burada.
Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə Bakı vaxtı ilə saat 19-da başa çatıb. Bülletenlərin sayılmasına başlanılıb.
Səsvermə son 30 ildə ilk dəfə Azərbaycanın suverenliyində olan bütün ərazilərdə, 125 seçki dairəsindəki 6 319 seçki məntəqəsi üzrə aparılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.
ABŞ-nin “Oracle Advisory Group” təşkilatının Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrinə görə, hazırki president İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Zahid Oruc 1.8, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Razi Nurullayev 0.9, Elşad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səs yığıb.
Bu, Azərbaycanda prezidentlik uğrunda keçirilən 9-cu rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Seçkilərdə yeddi namizəd iştirak edib. Bunlar hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir
"Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar prezidenti seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir. Növbədənkənar prezidenti seçkiləri azad və ədalətli olmayıb", Müsavat Partiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyində deyilir. Xəbərin davamı burada.
Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərində seçki məntəqələrindən alınmış ilkin məlumatları açıqlayıb. MSK-nın məlumatına görə, seçkilər Azərbaycanın bütün 125 məntəsində baş tutub. Seçki məntəqələrinin 54.47 faizindən əldə edilmiş məlumata əsasən, hazırkı prezident İlham Əliyev 92.1 səs toplayaraq, böyük səs çoxluğu ilə irəlidə gedir.
MSK-nın məlumatına əsasən, səslər digər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Zahid Oruc - 2.2 faiz
Fazil Mustafa - 1.99 faiz
Qüdrət Həsənquliyev - 1.78 faiz
Razi Nurullayev - 0.79 faiz
Elşad Musayev - 0.66 faiz
Fuad Əliyev - 0.48 faiz
Mərkəzi Seçki Komissiyası bugünkü seçkilərdə respublika üzrə 4 milyon 971 min 32 nəfərin səs verdiyi, seçici fəallığının 76,73 faiz olduğu haqda məlumat verib.