Azərbaycanda prezident seçkilərinə müşahidəçilərin baxışları
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidəçilər izləyir. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (PA), MDB Parlament Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, digər ölkə və parlamentlərin müşahidə missiyaları var.
Bu gün ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov (Ukrayna) bildirib ki, hazırda ATƏT DTİHB-nin və ATƏT PA-nin üç yüz seçki müşahidəçisi ölkənin bütün regionlarında müşahidə aparır.
“ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir. Buraya ATƏT PA-nin qısamüddətli müşahidəçiləri, ATƏT DTİHB-nin uzunmüddətli və qısamüddətli müşahidəçiləri daxildir. Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkiləri müşahidə edir”, o qeyd edib.
Məqalənin davamı burada.
Prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərə çətinlik yaradıldığı bildirilir
Azərbaycanda fevralın 7-də bəzi seçki məntəqələrində prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə çətinlik yaradıldığı bildirilir.
Turan agentliyinin məlumatına görə, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu seçki məntəqəsində jurnalistlərin Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib.
Eyni zamanda 29 saylı Sabunçu 4-cü seçki dairəsinin 19 saylı seçki məntəqəsində jurnalistlərin fəaliyyətinə maneəçilik yaradıldığı bildirilir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından Turana bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün Media Reyestrində qeydiyyat tələb edilmir: "Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər deyə onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır".
MSK qeyd olunan halların araşdırılacağını bildirib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir
Prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatları Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
Seçkilər son 30 ildə ilk dəfə ölkənin bütün ərazilərində keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, Bakı vaxtı ilə saat 10-dək seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verib.
Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verib.
Amerikanın Səsinin müxbirləri fevalın 7-də seçki məntəqələrində olub, səsvermənin gedişini izləyib.
Günün birinci yarısında seçki aktivliyi müşahidə edilib.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Azər Babayev səsəvermə ilə bağlı hər hansı problemin olmadığını bildirib.
“Məntəqə səsverməyə tam hazırdır”, o qeyd edib.
Bununla yanaşı müstəqil müşahidəçi səsvermənin yaxından izlənməsi üçün imkan verilmədiyini bildirib. Müşahidəçini seçki qutusunun yaxınlığına buraxmayıblar.
“Müşahidəçilər seçki qutusunun yaxınlığına buraxmır”, müşahidəçi qeyd edib.
Yeni Azərbaycan Partiyasının müşahidəçisi Adil Qafulov isə əksini düşünür.
“Səsverməni yaxından izləyirik. Hər hansə problem aşkar etməmişik”, o, Amerikanın Səsinə bildirib.
Seçicilərin bir qismi üçün müharibənin başa çatması, təhlükəsiz həyat əsas faktorlardır.
Digər qism seçicilər isə, həyat şəraitlərinin yaxşılaşdırılması, məvaciblərinin artırılmasını istəyir.
ABŞ Dövlət Departamenti Azərbaycanda prezident seçkilərini "diqqətlə izləyir"
"Azərbaycanda prezident seçkilərini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm." Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin müxbirinin 7 fevral növbədənkənar prezident seçkiləri və ATƏT-in məhdudiyyətlərlə bağlı müəyyən narahatlıq ifadə olunan aralıq hesabatı ilə bağlı mövqeyi haqqında sualına belə cavab verib. Daha ətraflı burada oxuyun.