ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı bildirib ki, Həmas militantlarının liderləri Qəzzada döyüşləri dayandıracaq girovlarla bağlı razılaşma təklifinə cavab veriblər. O, Birləşmiş Ştatların onların cavabını diqqətlə öyrəndiyini və və çərşənbə günü İsraildə bunu müzakirə edəcəyini bildirib.
Blinken Dohada keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib ki, HƏMAS-ın təklifə cavabı İsrailə çatdırılıb.
“Girovlarla bağlı nəinki yenilənmiş, həm də genişləndirilmiş razılıq və onun gətirəcəyi bütün faydalarla irəliləyə bilmək üçün razılaşma əldə edilməsi məqsədilə əlimizdən gələni edəcəyik,” Blinken bildirib.
ABŞ dövlət katibi Qəzzada yeni müvəqqəti atəşkəs və fələstinli mülki vətəndaşlara humanitar yardımın artırılmasına nail olmaq məqsədi ilə çərşənbə axşamı Misir və Qətər liderləri ilə danışıqlar aparıb.
Blinken Dohada Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə danışıqlar aparıb.
Al Tani tərcüməçi vasitəsilə jurnalistlərə deyib: “Biz razılaşmanın ümumi çərçivəsi, girovlarla bağlı HƏMAS-dan cavab almışıq. Cavabda bəzi şərhlər var, lakin ümumilikdə müsbətdir”.
Qətərin baş naziri nikbinliyini ifadə edib və bunun “çox tezliklə” uzadılmış atəşkəs müqabilində girovların azad edilməsi ilə nəticələnəcəyinə ümid etdiyini bildirib, lakin məsələnin həssaslığına görə təfərrüatları açıqlamaqdan imtina edib.
Daha öncə Qahirədə Blinken Misir prezidenti Əbdülfəttah Əs-Sissi ilə görüşüb.
ABŞ, Misir və Qətər hazırda nəzərdən keçirilən atəşkəs təklifinin hazırlanmasına kömək ediblər. Bu təklifə həftələrdir davam edən döyüşlərə fasilə verilməsi və Qəzza zolağında Həmas tərəfindən saxlanılan girovların azad edilməsi daxildir.
ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi jurnalistlərə deyib ki, “top hazırda HƏMAS-ın meydanındadır”. O həmçinin əlavə edib ki, Misir və Qətər HƏMAS-ı ABŞ-ın “güclü və inandırıcı” təklifini qəbul etməyə sövq edib, lakin sonda HƏMAS qərar verməlidir.
Noyabrın sonunda əldə edilmiş əvvəlki müvəqqəti atəşkəs bir həftə davam etmiş və Qəzza zolağından 100-dən çox girov və İsrailin saxladığı 240 fələstinli məhbusun azad edilməsi ilə nəticələnmişdi.
Blinken Yaxın Şərqə səfərinə bazar ertəsi Səudiyyə Ərəbistanında başlayıb. ABŞ dövlət katibinin turnesi zamanı İsrail və İsrailin işğal etdiyi İordan çayının qərb sahilinə səfərlər də planlaşdırılıb.
Blinken Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş nazir Məhəmməd bin Salman ilə danışıqlar aparıb. Dövlət Departamentinin bildirdiyinə görə, danışıqlar zamanı “Qəzza zolağında israillilər və fələstinlilər üçün davamlı sülh və təhlükəsizliyi təmin edəcək böhrana davamlı son qoymaq” üçün regional koordinasiyanı müzakirə ediblər.
“Onlar daha inteqrasiya olunmuş və çiçəklənən regionun qurulmasının vacibliyini müzakirə ediblər və ABŞ ilə Səudiyyə Ərəbistanı arasında strateji tərəfdaşlığı təsdiq ediblər”, Dövlət Departamentinin bəyanatında deyilir.
ABŞ rəsmisi Blinkenin Yaxın Şərqdə görüşləri zamanı həssas məsələlərin müzakirə olunacağının gözlənildiyini bildirib. Onun sözlərinə görə, Qəzzada humanitar fasilənin təmin edilməsi Qəzzanın yenidən qurulması, Fələstin Administrasiyasının islahatı, Qəzzada idarəçilik, iki dövlətli həll yoluna nail olunması və İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşmanın asanlaşdırılması kimi mühüm məsələlərin sürətlə həlli üçün çox vacibdir.
Forum