Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycanda prezident seçkilərini "diqqətlə izləyir"


Vedant Patel, Department of State
Vedant Patel, Department of State

"Azərbaycanda prezident seçkilərini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm." Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin müxbirinin 7 fevral növbədənkənar prezident seçkiləri və ATƏT-in məhdudiyyətlərlə bağlı müəyyən narahatlıq ifadə olunan aralıq hesabatı ilə bağlı mövqeyi haqqında sualına belə cavab verib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.

Hesabat müəllifləri qeyd edir ki, bu günə qədər təşviqat kampaniya zəif keçib. Bundan əlavə parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir.

Fevralın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib.

İsveçrə mediasının verdiyi məlumata görə, Nik Guggeri Bakı Hava Limanından İsveçrəyə qaytarıldığı bildirilir.

Nik Gugger özü qarşılaşdığı bu durumu “acınacaqlı hal” adlandırıb.

“Azərbaycan rejiminin müşahidəçi missiyasını bu qədər rədd etməsi faktı eskalasiyanın yeni səviyyəsidir. Vəziyyət acınacaqlı idi”, o qeyd edib.

Nik Guggerin Qarabağ münaqişəsinə münasibətinə görə ölkəyə buraxılmadığı da vurğulanır.

İsveçrə mediasında qeyd edilib ki, ölkənin xarici işlər naziri İqnazio Kassisə fevralın 3-də Nik Guggerin Azərbaycandan geri qaytarılması haqda məlumat verilib.

Öz növbəsində İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verib.

“Səfirlik fevralın 3-də İsveçrə Milli Parlamentinin üzvü cənab Guggerlə bağlı insidentdən xəbərdardır və onunla müntəzəm əlaqə saxlamışdır. Səfirlik cənab Guggerə dəstək olmaq üçün səylər göstərmişdir. İsveçrənin Xarici işlər Federal departamenti Azərbaycan hakimiyyəti ilə bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə əlaqədədir”, səfirliyin məlumatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinə isə bununla bağlı şərhin olmadığını bildirib.

Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu təşkilatın missiyasının qısamüddətli müşahidəçisi Nik Guggerin Azərbaycana girişindən imtina olunduğunu təsdiqləyib.

“Hazırda dəqiq səbəb bizə məlum deyil, amma hakimiyyətə müraciət etdik və cavab gözləyirik”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Katya Andruş Amerikanın Səsinin sorğusuna cavab olaraq deyib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Forum

XS
SM
MD
LG