Accessibility links

Ruslan İzzətli hərbi təlimlərə çağırıldığını deyir


Ruslan İzzətli-siyasətçi
Ruslan İzzətli-siyasətçi

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hərbi təlimlərə çağırılıb. Onun sözlərinə görə yanvarın 31-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən zəng gəlib və ona Ağdama gəlməli olduğunu deyiblər:

"Səbəb kimi də keçiriləcək hərbi təlimlərə cəlb olunmağımdır. Bildirdim ki, məni hərbi xidmətə aparanda səhhətimdəki ciddi problemləri görməzdən gəldilər, nəticədə xidmətimin 3-cü ayı səhhətim pisləşdi və məni məcburi əməliyyat etdilər. Səhhətimdə ciddi problem olanda hərbidən yayınmadım, xidmətim zamanı yeni əməliyyat olunmağıma baxmayaraq müharibə başlayanda könüllü döyüşlərə qatıldım. Baxmayaraq ki, həkimlərim və komandirlərim döyüşə qatılmağımı istəmirdilər. Əgər hərbi-həkim ekspertizası qatıla bilərsən desə təlimlərə də qatılacağam. Amma mənə maraqlı odur ki, bu tapşırıqdır, yoxsa adi prosedur..."

Ruslan İzzətli bunun siyasi sifariş olduğunu hesab edir.

"Mənimlə döyüşdə olanların heç birini hərbi təlimlərə çağırmayıblar. Görünən odur ki, 7 fevral seçkisindən hakimiyyət çox gərgindir. Gərginliyini yandaş ekspertlərindən və mediada gedən yazılarda, video-süjetlərdə görmək olur. Lakin anlamıram bu qədər rahat və problemsiz keçirəcəkləri seçkidən niyə narahatdırlar? Guya seçki günü yayılan bir-iki video və ya bir-iki nəfərin danışması nəticənimi dəyişir? Görünən odur ki, Qarabağ qələbəsi fonunda seçki saxtakarlığı alqısının yaranmasını istəmirlər", deyə o qeyd edib.

Səhhətində ciddi problemlərin olmasına baxmayaraq Ruslan İzzətli 2020-ci il mayın 25-də hərbi xidmətə aparıldığını deyir.

II Qarabağ müharibəsində iştirakına görə prezident İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif olunub.

İzzətli hərbi xidmətə aparılmasını da siyasi sifariş hesab edirdi. O, 2020-ci il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub. Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Ruslan İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət vermişdilər. Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Ruslan İzzətli 2023-cü ildə təsis edilən III Respublika Platformasının Qurucu Heyətinin üzvüdür.

Forum

XS
SM
MD
LG