Azərbaycanda uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir. Bu barədə Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qüvvədə olan qanuna görə zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.
Qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar Qanunun 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur. Uzunmüddətli mühafizə orderi isə 60 gündən 180 gün müddətinədək verilir.
Qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər nəzərdə tutulur.
Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin zəruriliyindan danışaraq, buna ehtiyac olduğunu qeyd edib.
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 14 il bundan əvvəl qəbul edilib. Biz bu qanunun tətbiqi prosesində gördük ki, bir sıra maddələr var ki, onları yeniləmək lazımdır. Məsələn, məişət zorakılğı törədən və buna məruz qalan şəxslərin dairəsində bir problem var ki, Azərbaycanın kontekstinə uyğun gəlmirdi. Bundan əlavə qanunda tərəflərin barışdırılması nəzərdə tutulurdu. Bir çox dövlət qurumları polisə müraciət edərkən ilk növbədə ailə münasibətlərinin normallaşdırılmasına çalışırdılar. Lakin bu əks təsir verirdi. Ona görə ki, zərərçəkmiş şəxslə zorakı şəxs eyni müstəvidə deyil. Onların gücləri eyni deyil. Zorakı şəxs tam bir bərpa keçmədən, tam bir zorakılığından imtina etməsini sübut etməyənə qədər onun zorakılığa məruz qalan şəxslə barışdırılması çox ağır nəticələrə gətirib çıxarda bilər. Bundan əlavə mühafizə orderlərinin müddəti qısa idi. Onunla bağlı oxudum ki, müddətin uzadılması nəzərdə tutulub. Yəni bu qanunda çox vacib və zəruri dəyişikliklər edilməlidir”, o bildirib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin dekabrın 6-da “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. 2020-də 178, 2023-ün 11 ayında 550 müraciət daxil olmuşdu.
“Zorakılığın səbəb və nəticələrinin, təkrar baş vermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb.
Baş Prokurorluqda Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmış, həmçinin intihar hallarının qarşısının alınması üzrə işçi qrupu fəaliyyətə başlayıb”, o əlavə edib.
Forum