Yanvarın 25-də Xətai Rayon Məhkəməsi “Abzas Media”nın əməkdaşı, jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatəti təmin etməyib.
Hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən məhkəmədə jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qalıb.
Jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov bildirib ki, o, Elnarə Qasımova ilə görüşə bilmir:
"Məhkəmədən çıxanda Elnarəni polis koridorundan keçirirlər ki, görə bilməyək, o da bizi görməsin. Bu qədər ucuzlaşmaq nəyə lazımdır ki? Görüş vermirlər, ən azından məhkəmədə görməyə mane olmasınlar".
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "AbzasMedia" saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum